"Bitcoin"lə bağlı ŞOK AÇIQLAMA: "3-5 ildən sonra..."

İQTİSADİYYAT
09:34 / 17.07.2025
91

"Bitcoin" digər maliyyə alətlərindən fərqlənir". 

Bu sözləri iqtisadçı ekspert Elman Sadıqov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, "Bitcoin" valyuta olmadığı üçün risklidir:

"Hər hansısa bir ölkənin valyutası barədə fikir bildirmək mümkündür. Həmçinin, səhmlər barədə də fikir söyləmək olar. Lakin "Bitcoin" dünyanın ən sirli maliyyə alətlərindən biridir. Faktiki olaraq, onu buraxan şəxsin kimliyi belə bilinmir. Hətta onun arxasında hansısa fərd, yoxsa maliyyə təşkilatının dayandığı da sirr olaraq qalır".

377956

Ekspert qeyd edib ki, bu kriptovalyuta hazırda spekulyativ maliyyə aləti kimi bir çox gücə sərf edir:

"İstənilən anda onun qiyməti qalxır. Sonra isə bəzi şəxslər yuxarı hədlə "Bitcoin"ləri satırlar. Qiyməti yenidən düşdükdə də alırlar. Nəticə etibarilə xırda investorlar iflas olur. 

Üstəlik, dünyada buna görə müflis olan çox insan var. Ancaq biz "Bitcoin"dən qazanan insanları daha çox görürük. Çünki onları təbliğ edirlər. Müflis olan insanların isə səsi çıxmır". 

Həmsöhbətimiz əlavə edib ki, "Bitcoin"ə görə evini və maşınını satan insanlar var:

"Yəni ona investisiya qoyaraq qazananların sayı azdır. Çünki "Bitcoin" bazarında elə oyunlar olur ki, çox adam onun güdazına gedir.

Əslində, 3-5 ildən sonra "Bitcoin"lə bağlı nə olacağı bəlli deyil. Ona görə də dünyada ciddi iqtisadçılar bununla bağlı pessimist fikirdədirlər. Onlar, sözügedən kriptovalyutanı maliyyə və ya investisiya aləti kimi görmürlər. Çünki "Bitcoin" birdən-birə çökə bilər. Bu səbəbdən də çox ehtiyatlı olmaq lazımdır". 

Mütəxəssisin sözlərinə görə, hətta "Bitcoin" almaq üçün borca girənlər də var:

"Elə adamlar var ki, kredit götürüb "Bitcoin" alırlar. Onlar, milyoner olacaqlarını düşünürlər. Ancaq nəticədə əllərindəkiləri də itirirlər. Kimin itirməyə rəva bildiyi pulu var yatırım edə bilər. 

Yəni sabah o pul batanda həyatları dəyişməyəcəyi məbləği xərcləyə bilərlər. Bu, hər kəsin öz işidir. Ancaq mən kasıb və orta təbəqədən olan insanların pul itirmələrini rəva bilmirəm. Ona görə də bu məsələdə çox diqqətli və ehtiyatlı olmaq lazımdır". 

İqtisadçı fikirlərini belə yekunlaşdırıb:

"Hesab edirəm ki, səhm, birja və ya qiymətli kağızlara yatırım etmək olar. Düzdür, onlarda qazanc çox yüksək olmur. Lakin az da olsa, davamlı şəkildə gəlir əldə etmək mümkündür. "Bitcoin"ə isə sabah nə olacağı bəlli deyil. Bütün bunları nəzərə almaq lazımdır".

Pərviz

0