100 minə yaxın daşınmaz əmlaka "amnistiya": Kimlərə güzəşt olacaq?

İQTİSADİYYAT
10:10 / 24.07.2025
109
"Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir".
 
Bunu Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında deyib.
 
Sədr qeyd edib ki, imzalanan fərman ölkədə sənədsiz evlərlə bağlı məsələnin həllinə mühüm töhfə verir və onilliklərdir mübahisəli vəziyyətdə qalan əmlakların statusunu hüquqi müstəviyə çıxarır.
 
Nigar Alimova onu da bildirib ki, keçmiş kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin əmrləri ilə vətəndaşlara verilmiş torpaq sahələri də hüquqi qeydiyyata alınacaq. 
 
Nigar Alimova onu da qeyd edib ki, ölkədə texniki pasportu olan tikililərin qeydiyyatı da sadələşdirilir. O bildirib ki, müxtəlif dövrlərdə ayrı-ayrı dövlət və qeyri-dövlət orqanları tərəfindən vətəndaşlara çoxsaylı mülkiyyətə və istifadəyə verilməsi nəzərdə tutulan sənədlər mövcud idi. Lakin bu sənədlərin əsasında əmlak hüquqlarının rəsmiləşdirilməsi mülkiyyət hüquqlarının alınması mümkün deyildi. Yeni qaydalara əsasən, xüsusilə 2001-ci il yanvarın 1-dək texniki inventar idarələri tərəfindən tərtib olunmuş texpasport sənədləri olan vətəndaşlar torpaq sahələrinin ölçüsü göstərilibsə, həmin sənədlərlə müraciət edərək həm torpaq sahəsi, həm də tikili üzərində hüquqları əldə edə biləcəklər. 
 
Sədr onu da vurğulayıb ki, yeni fərmanın tətbiqi zamanı vətəndaşların əllərində olan sənədlərin arxiv əsasları mövcud olmalıdır.
 
O da bildirilib ki, Abşeron yarımadası, xüsusilə Xırdalan və Hökməli istiqamətində kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilmiş sənədsiz evlərin leqallaşdırılması diqqət mərkəzindədir. //Xəzər TV
 

 
0