Bu gün Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlini təmin edəcək Türkiyə-Suriya təbii qaz boru kəmərinin rəsmi açılış mərasimi keçirilib.
“Report”un Kilisə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həmad Həssan Əl-Sulaiti (Fahad Hamad Hassan Al- Sulaiti) və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak ediblər.
Nazirlərin çıxışlarından sonra rəsmi şəxslərin iştirakı ilə səhnədə simvolik olaraq quraşdırılmış boru kəmərinin klapanı çevrilib və bununla da Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına rəsmi olaraq start verilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov tədbirdə bildirib ki, bu gün Azərbaycandan Suriyaya təbii qaz təchizatının başlanması ölkələr arasında əməkdaşlıq tarixində mühüm və tarixi hadisədir.
"Bu əlamətdar addım, Azərbaycan, Türkiyə, Qətər və Suriya dövlət rəhbərlərinin güclü siyasi iradəsinin, regionda davamlı sülhə sadiqliyinin və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş birgə səylərinin nəticəsidir. Azərbaycan və Suriya prezidentləri arasında bu ilin aprelin 11-də Antalyada keçirilmiş görüşdə, eləcə də iyulun 12-də Azərbaycana dövlət səfəri çərçivəsində baş tutan danışıqlarda enerji sahəsində əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanmış, Azərbaycanın bu sahədə Suriyaya dəstəyinin vacibliyi qeyd olunub", - nazir qeyd edib..
Onun sözlərinə görə, Suriyanın enerji sahəsində üzləşdiyi ciddi çətinliklər fonunda Azərbaycan qazının bu ölkəyə ixracı enerji təhlükəsizliyinə mühüm töhfə vermək məqsədi daşıyır: "Məhz bu səbəbdən ali rəhbərlik tərəfindən layihənin qısa müddətdə icrası üçün müvafiq göstərişlər verilmiş və təxirəsalınmaz tədbirlər görüb.
Layihənin uğurla həyata keçirilməsində Türkiyənin dəstəyi həlledici rol oynayıb. Azərbaycan və Türkiyə arasında enerji də daxil olmaqla bütün sahələrdə mövcud olan strateji əməkdaşlıq bu layihəyə də əhəmiyyətli töhfə vermişdir. İki qardaş ölkə olaraq Suriyanın bərpası və inkişafı istiqamətində birgə səylərimizi davam etdiririk".
M. Cabbarov bildirib ki, Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçməklə Suriyaya çatdırılması ölkəmizin enerji ixracı tarixində yeni mərhələ olmaqla yanaşı, Cənubi Qafqaz ilə Yaxın Şərq arasında enerji körpüsünün əsasını qoyur.
"İlkin mərhələdə Suriyaya tədarük olunacaq qazın illik həcmi 1,2 milyard kubmetrə qədər nəzərdə tutulur. Bu təchizatın Suriyada iqtisadiyyatın bərpası və əhalinin sosial rifahının yüksəldilməsində əhəmiyyətli rol oynayacağına inanırıq.
Bugünkü əhəmiyyətli hadisə Azərbaycan və Suriya arasında neft-qaz sektorunda əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır. Əminik ki, bu tərəfdaşlıq qarşılıqlı iqtisadi inkişafı təşviq etməklə yanaşı, regional enerji təhlükəsizliyinin güclənməsinə, eləcə də birgə investisiya və strateji infrastruktur layihələrinin reallaşdırılmasına möhkəm zəmin yaradacaqdır.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında bu yaxınlarda imzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.
Yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanın enerji infrastrukturunun bərpası baxımından mühüm addım hesab olunur. Belə ki, Azərbaycandan gələn təbii qazın Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına, eyni zamanda Türkiyənin regional enerji mərkəzinə çevrilməsi hədəfinə də ciddi töhfə verməyi məqsəd qoyur.
Xatırladaq ki, cari il iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.