Sosial şəbəkələrdə il sonuna doğru dolların 2 manata çatacağı ilə bağlı məlumatlar yayılıb. İddialar cəmiyyətdə müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, iqtisadçı-ekspert Akif Nəsirli "Referans.az"a açıqlamasında bu proqnozun reallaşma ehtimalından danışıb.
“Dolların məzənnəsinin dəyişmə şəraitinə diqqət yetirmək lazımdır. Əvvəlcə qeyd etmək lazımdır ki, bu gün dolların Azərbaycan manatına qarşı məzənnəsi hökümət tərəfindən tənzimlənir. Bu qərara bağlı bir məsələdir. Burada dollar-manat münasibətləri üzən məzənnə ilə tənzimlənmir. Hər ay hökümət hərraca 600 -700 milyon dollar vəsait çıxarır.
Maliyyə bazarında dolların səviyyəsini tələbata uyğun təmin edir. Manatın məzənnəsi dollara görə sabit saxlanılır.
Bu, dövlətin qərarıdır və buna başqa heç nə təsir edə bilməz. Dünyada dolların ucuzlaşması və ya bahalaşması Azərbaycana təsir etmir”.
Ekspert 2015-ci ilin iqtisadi vəziyyəti ilə hazırki vəziyyəti də müqayisə edib.
“Yadınızdadırsa, 2015-ci ildə hökümət manat-dollar münasibətlərində dolların məzənnəsini qaldırdı, yəni dollar bahalaşdı. Həmin dövrdə də Azərbaycan höküməti eyni siyasəti yürüdürdü.
Bu bahalaşmaya səbəb olan amillər nədən ibarət idi? 2015-ci ilə nəzər salaq. 2015-ci ilin yanvar, fevral, mart aylarında Azərbaycan Mərkəzi Bankının 4-5 milyard arası valyutası “əridi”.
Həmin vaxt neftin qiyməti də çox aşağı idi. Yəni Azərbaycan hökümətinin neftdən gələn gəlirləri azalmışdı, Mərkəzi Bankın valyuta ehtiyyatları tükənmişdi, hökümətin yeganə yolu aktivlərin aktivlərin realizasiyasını aparsın və Mərkəzi Bank üçün “maliyyə yastığı” yaratsın.
Bu realizasiya isə Azərbaycan hökümətinə baha başa gəlirdi. Ona görə də Azərbaycan höküməti çıxılmaz vəziyyətdə qalaraq devalvasiyaya getdi.
2015-ci ildə devalvasiyasını şərtləndirən xüsusiyyətlər bunlar idi. Bu gün Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyyatları təxminən 12 milyard manata yaxındır. Neft Fondunun aktivləri 70 milyard dollara yaxındır.
Üstəlik, neft dünya bazarında 70 dollar ətrafında ticarət olunur. Yəni Azərbaycanın neftdən gələn gəlirləri də kifayət qədərdir. 2015-ci ilin analogiyası ilə hazırki dövrü müqayisə edəndə manatın dollara nisbətən məzənnəsini dəyişmək ehtimalının real olmasına səbəb yoxdur”.