Şuşa və Xankəndidəki otellər nə qədər pul qazanıblar?

İQTİSADİYYAT
16:52 / 09.08.2025
54

Bu ilin ilk yarısında Azərbaycanda fəaliyyət göstərən otellərdə və otel tipli obyektlərdə 1 milyon 162 min 73 nəfər qalıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, otellərdə qalanların 442 min 960 nəfəri Azərbaycan, 719 min 113 nəfəri isə xarici ölkə vətəndaşları olub.

Qeyd edək ki, bu ilin ilk yarısında Azərbaycanda otellərin ümumi gəlirləri 289 milyon 988,6 min manat olub. Oteldə qalan hər bir nəfərə görə gəlir 249,5 manat təşkil edib.

Məlumat üçün bildirək ki, otellərdə qalanların yarıdan çoxu paytaxt Bakının payına düşüb. Bakıdakı otellərdə 6 ay ərzində 729 min 557 nəfər qalıb və paytaxt otellərinin ümumi gəliri 179 milyon 638,3 min manat (bir nəfərə görə 246,2 manat) təşkil edib.

Onu da qeyd edək ki, bu ilin ilk 6 ayında Xankəndi şəhərindəki otellərdə, 1 nəfər əcnəbi olmaqla, ümumilikdə 63 nəfər qalıb. Xankəndidəki otellərin ümumi gəlirləri isə 6,5 min manat olub. Xankəndidə otellərin bir nəfərə görə gəliri 103,2 manat təşkil edib.

Şuşa şəhərində isə bu göstərici 200,6 manat olub. Belə ki, Şuşadakı otellərdə 6 ay ərzində 20 min 932 nəfər qalıb və onların 19 min 515 nəfəri Azərbaycan, 1 417 nəfəri isə əcnəbi olub. Şuşadakı otellərin ümumi gəliri 4 milyon 199,5 min manata çatıb.

0