Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev tərəfindən "Xüsusi icra məmurları haqqında” Qanun təsdiqlənib. Həmin Qanuna əsasən, ölkəmizdə icranın qarışıq modelinə keçid planlaşdırılır. Bu modelə görə məhkəmə və digər orqanların qərarlarının icrası həm dövlət, həm də xüsusi icra məmurları tərəfindən həyata keçiriləcək.
Ədliyyə Nazirliyindən bildirilib ki, məhkəmə qərarlarının icrasının daha çevik və səmərəli həyata keçirilməsi məqsədilə xüsusi icra məmurları institutu yaradılır.
Xüsusi icra məmurları məcburi icra orqanı statusuna malik olacaqlar. Onlar cinayət, inzibati xəta, inzibati mübahisələrə dair işlər, dövlət orqanlarının tərəf olduqları digər işlər, məişət zorakılığından mühafizə, məcburi müalicə, uşağın mənafeyi ilə bağlı işlərdən (aliment istisna olmaqla) başqa bütün qərarların icrasını həyata keçirə biləcəklər. O cümlədən, xüsusi icra məmurlarının fəaliyyətinin maliyyə dayanıqlığını təmin etmək üçün ilkin mərhələdə pul tələbləri ilə bağlı işlərin də xüsusi icra məmurları tərəfindən icrası nəzərdə tutulub.
Kimlər xüsusi icra məmuru ola bilər?
Ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları xüsusi icra məmurları ola bilərlər. Xüsusi icra məmuru işləmək istəyən şəxslər test və müsahibədən ibarət olan müsabiqədən keçməklə ən azı 3 aylıq ilkin icbari hazırlığa və staj keçməyə cəlb olunacaqlar. Bundan sonra şəhadətnamə və xidməti vəsiqə veriləcək və onlar and içərək vəzifələrinin icrasına başlayacaqlar. Müstəqil şəkildə fəaliyyət göstərən bu şəxslər yalnız qanuna tabe olaraq göstərdikləri xidmətlərdən əldə etdikləri vəsaitlə özlərini maliyyələşdirəcəklər. Eyni zamanda, onlar xüsusi icra məmurlarının özünüidarə orqanı olan Xüsusi İcra Məmurlarının Palatasında birləşərək onun daxili idarəçilik qaydalarına əməl etməlidirlər.
Xüsusi icra institutu nə vaxtdan tətbiq ediləcək?
Xüsusi icra institutunun tətbiqinə başlanılması məqsədilə xüsusi icra məmurlarının şəhadətləndirilməsi, icbari təlimi və fəaliyyəti üçün zəruri olan hüquqi aktlar hazırlanmalı, eyni zamanda bu sahədə institusional işlər aparılmalıdır. Bu səbəbdən xüsusi icra institutunun 2026-cı ildən tətbiqi nəzərdə tutulur.
Qeyd edək ki, bu gün qəbul olunan Qanunun tətbiqi ilə icra proseslərinin sürətlənməsi, vətəndaş məmnunluğunun artırılması, iş yerlərinin yaradılması, dövlət aparatının tədricən optimallaşması və yeni peşə mühitinin formalaşdırılması hədəflənib.