Pandemiyadan sonra turizm sektorunun bərpası hansı mərhələdədir?

İQTİSADİYYAT
11:09 / 14.08.2025
46

"Pandemiyadan sonra Azərbaycanda turizm sektorunun bərpası bir neçə mərhələni geridə qoyub". 

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, artıq turizm sahəmiz  sürətlə inkişaf edir:

"Ancaq yenə də pandemiyanın turizmə verdiyi bütün zərərlərin tamamilə aradan qaldığını demək olmaz. Çünki bu təsirlər hələ də həm qlobal, həm də yerli səviyyədə müşahidə olunur". 

379815

Onun sözlərinə görə, pandemiyadan sonra turizm yenidən canlandı:

"İlkin bərpa dövründə insanlar başqa ölkələrə səyahət etməyə ehtiyatla yanaşdılar. Ancaq bu da öz növbəsində regionlarda daxili turizmin canlanmasına səbəb oldu. Ardınca isə otel və aviasiya sektoru tədricən ayağa qalxmağa başladı".

Ekspert qeyd edib ki, 2024-cü ildən etibarən də beynəlxalq turizm bərpa olundu və bu sahədə yüksək statistikalar qeydə alındı:

"Hətta ölkəmizə gələn turist sayı pandemiyadan əvvəlki rəqəmlərə yaxınlaşma başladı. Xüsusilə xidmət və infrastruktur sahəsində yeni sərmayələr artdı. Hazırda ölkənin turizm sektorunda inkişaf dinamikası mövcuddur. Xüsusilə bunu daxili və regional turizmdə daha çox görürük".

Rəhman Quliyev vurğulayıb ki, ölkəmizə gələn turist sayı hər il daha da artır:

"Üstəlik, yeni bazarlara çıxış imkanları da genişlənir. Amma ümumi mənada pandemiyadan sonra turizm sektorunun tam bərpa mərhələsi hələ başa çatmayıb. Elə turizm obyektləri var ki, pandemiyadan sonra ya bağlandı, ya da hələ tam gücü ilə işləyə bilmir. Yəni bəzilərinin çətinlikləri davam etməkdədir. 

Əslində, pandemiyanın turizm sahəsində yaratdığı şok effekti arxada qalıb. Lakin tam bərpa prosesi üçün sektorun davamlı inkişafı, rəqəmsallaşma, xidmət keyfiyyəti və beynəlxalq əlaqələrin gücləndirilməsi vacibdir. Hesab edirəm ki, indiki mərhələni "bərpa və inkişaf" dövrü adlandırmaq olar".

Pərviz

0