"Rayonda ucuz qiymətə təklif olunan meyvə-tərəvəzin Bakıda daha baha olması təbiidir".
Bu sözləri iqtisadçı ekspert Elçin Rəşidov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Bakıda da ucuz qiymətə satılan meyvə-tərəvəz rayonlarda baha qiymətə satışa çıxarılır:
"Yəni bəzi mallar rayonda ucuzdur, bəziləri isə paytaxtda. Amma əksər hallarda rayonda qiymətlər daha ucuz olur. Məsələn, Bakıda yetişdirilib rayonlara aparılan məhsullar da var. O zaman da qiymətlər Bakıda daha ucuz olur".
Ekspert məhsulun başqa yerə aparılanda qiymətinin qalxmasının səbəblərindən söz açıb:
"Nəzərə almaq lazımdır ki, hər bir meyvə-tərəvəzin yetişdirilmə, yığılma və daşınma xərcləri var. Bütün bunlar isə yekunda satış məbləğinin üzərinə gəlir. Ona görə də bunu nəzərə almaq lazımdır.
Təbii ki, hər rayonda meyvə-tərəvəzlərin çeşidi çox ola bilməz. Yalnız yayda demək olar ki, bütün rayonlarda bəzi tərəvəzlər əkilir. Onlar bibər, badımcan, xiyar, pomidordur. Amma bu siyahıya soğan, kartof, yerkökü kimi məhsulları aid deyil.
Onlar böyük bölgədə əkilir, orada satılır. Təbii ki, onların qiyməti rayonda daha ucuz deyil. Bəlkə də, soğanın çəkildiyi bir yerdə Bakıdakından daha bahadır. Yəni qiymətlərin ancaq Bakıda baha olduğu mifini dağıtmaq lazımdır. Əslində, ortalama götürdükdə, Bakıda meyvə-tərəvəzlərin əksəriyyətinin qiyməti daha ucuzdur".
Mütəxəssis diqqətə çatdırıb ki, meyvə-tərəvəzin keyfiyyət dərəcənilmələri də olduqca önəmlidir:
"Ən yüksək keyfiyyətli mallar eksporta göndərilir. Onların rəf ömrü daha böyük, xarici görünüşü isə standart olur. Üstəlik, belə malların daşıma xərcləri də bahadır.
Oradan artıq malın maya dəyəri ümumi maya dəyərinin formalaşmasında nisbətən daha az rol oynayır. Bu səbəbdən, ən keyfiyyətli və ən bahalı mallar eksporta göndərilir. İkinci dərəcəlilər isə Bakıya gətirilir. Həmçinin, paytaxta göndərilməyən məhsulların da içərisindən ən yaxşıları seçilərək rayon bazarlarına göndərilir. Bütün bu proseslərdə isə qiymət enir".
Elçin Rəşidov Bakıda məhsulların baha olmasının digər səbəbindən də danışıb:
"Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda ödəniş qabiliyyəti ən yüksək alıcılar məhz Bakıda yaşayırlar. Ona görə də ən keyfiyyətli mallar paytaxta daşınır. Rayonlarda isə nisbətən aşağı qiymətə satılır. Heç bir bazara çıxarıla bilməyən mallar isə emala və ya heyvanların yeminə gedir".
Pərviz