Azərbaycan turizminin inkişafı 5 il sonra hansı səviyyədə olacaq?

İQTİSADİYYAT
09:15 / 25.08.2025
40

"Hər ötən il Azərbaycanda turizm daha da inkişaf edir". 

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, ölkəmizə gələn turist sayında da hər il artım tempi yaşanır:

"Bununla yanaşı, Azərbaycanın hüdudlarından kənara gedən turistlərin sayı da artmaqdadır. Bu gün ölkəmizin dünyada artan nüfuzu buna təsir edir. Üstəlik, gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanandan sonra bu say daha da atacaq. Artıq bütün dünyada olan turistlərdə Azərbaycana gəlməyə daha böyük güvən var".

Ekspertin sözlərinə görə, yaxın 5 ildə Azərbaycana gələn turist sayının daha da artdığını müşahidə edəcəyik:

"İndiyə qədər regionda olan qeyri-sabitlik, baş verən iğtişaşlar və müharibələr ümumi olaraq Qafqazı bütün dünyada müharibə bölgəsi kimi tanıtdırırdı.

Amma bu gün Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində Azərbaycan bütün dünyada böyük nüfuza malik olub. Artıq bütün hegemon dövlətlərin prezidentləri Azərbaycan Prezidentini özünə ən yaxın dost hesab edir. Bu, həm iqtisadi, həm siyasi, həm də şəxsi münasibətlər baxımından çox önəmlidir". 

Rəhman Quliyev vurğulayıb ki, yaxın 5 ildə turizmlə yanaşı Azərbaycanın bütün sektorlarında irəliləyişlər yaşanacaq:

"Təbii ki, bu gün sabitlik olan bir ölkədə investorların Azərbaycana gəlməsi də önəmli məsələdir. Böyük iş adamlarının və dünya brendlərinin Azərbaycana marağı artması turist axınını da müsbət təsir göstərəcək. 

Çünki bu gün Azərbaycana gələn turist siyasi sabitliyə və ictimai asayişin yüksək səviyyədə qorunmasına daha çox önəm verir. Hesab edirəm ki, bütün bunlar gələcək illərdə də artım tendensiyasını davamlı etdirəcək". 

380445

Mütəxəssis qeyd edib ki, Azərbaycan pasportu da hər il güvən və reytinq qazanır:

"Eyni zamanda, qarşılıqlı viza rejimlərinin ləğv olunması da turist axınına müsbət təsir edir. Məsələn, son zamanlarda Çin, Pakistan, Mərakeş və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrlə viza rejimi ləğv edilib. Bundan əlavə, işğaldan azad olunan ərazilər də hər il daha çox turistin diqqətini çəkəcək. Bütün bunlar da təbii ki öz növbəsində Azərbaycana turist axınını daha da gücləndirəcək". 

Pərviz

0