Türk Dövlətləri Təşkilatının əsas hansı iqtisadi üstünlükləri var?

İQTİSADİYYAT
11:13 / 28.08.2025
105

"Türk Dövlətləri Təşkilatının çox böyük iqtisadi üstünlükləri var. Onlardan biri böyük regional bazar olmasıdır". 

Bu sözləri turizm üzrə ekspert Həmid Cahedi Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstan təxminən 200 milyona yaxın əhali deməkdir:

"Yəni Türk Dövlətləri Təşkilatının iqtisadi artım üçün böyük potensialı var. Həmçinin, sözügedən təşkilat ticarət imkanlarını da genişləndirir. Bu sayədə gömrük və nəqliyyat maneələri azalır. Üzv ölkələr regional məhsullar üçün bir növ yeni ixrac bazarlarıdır. Düşünürəm ki, bu təşkilat azad ticarət zonasına keçid potensialı da ola bilər". 

Ekspert qeyd edib ki, Türk Dövlətləri Təşkilatının üzvləri arasında enerji əməkdaşlığı mövcuddur:

"Tərəflər arasında neft, qaz və yaşıl enerji sahəsində birgə layihələr həyata keçirilir. Məsələn, TANAP və ya digər enerji layihələri nəzərdə tutmaq olar. 

Eyni zamanda, üzv ölkələr arasında logistika və nəqliyyat sahəsi də olduqca mühümdür. Bunu biz ortaq dəhliz olaraq Şərqdən, yəni Çindən başlayaraq, Türkiyə və Avropaya marşrut olaraq türk dünyasını Avrasiya tranzit mərkəzinə çevirə bilərik. Son zamanlar Bakı-Tbilisi-Qars və Zəngəzur dəhlizi kimi strateji nəqliyyat layihələri həyata keçirilir və bu da öz əhəmiyyətini əks göstərir". 

380654

Həmsöhbətimiz vurğulayıb ki, türk dövlətləri arasında investisiya və sənaye əməkdaşlığı da iqtisadi üstünlüklər gətirir:

"Birgə biznes forumları, sənaye fondları, rəqəmsal iqtisadiyyat, turizm və kənd təsərrüfatı üzrə ortaq layihələrdir. Son zamanlar bu sahədə də türk dünyasında, aqroturizm sahəsində müxtəlif layihələr icra olunur.

Bundan əlavə, əmək bazarı və insan kapitalını da unutmaq olmaz. Əmək miqrasiyasının asanlaşması, təhsil və texnoloji mübadilə mümkündür və bu da inkişafın düzgün istiqamətdə aparılmasına səbəb ola bilər". 

Həmid Cahedi Türk Dövlətləri Təşkilatının turizm sahəsindəki üstünlükləri barədə də danışıb:

"Birincisi, birgə turizm məkanlarının təbliğidir. Türk dünyasının "bir tur, çox ölkə" modeli kimi müxtəlif paketlərdən və ya tək pakətdən istifadə olunaraq, müxtəlif bazarlara təklif edilə bilər. Məsələn, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və s. ölkələri bir brend altında "Turkish World" və ya "Turkish Tour" brendi altında dünyada müxtəlif sərgilərdə təbliğ etmək olar.

İkincisi, vizanın sadələşdirilməsidir. Türk dövlətləri tərəfindən xarici turistlər üçün birgə viza verilə bilər. Məsələn, Şengen vizasına bənzər şəkildə "Türk vizası" kimi birgə vizanın yaradılıb təklif edilməsi mümkündür. 

Hesab edirəm ki, turizm infrastrukturunun uyğunlaşdırılması xarici və ya daxili turizm üçün vahid standartlar və keyfiyyətli xidmət modeli yaradılıb, həm nəqliyyat sahəsində, həm də xidmətlərin icrasında tətbiq edilə bilər". 

Müsahibimiz digər üstünlüklərdən də söz açıb:

"Türk dövlətləri arasında mədəni və tarixi irsin qorunması ortaq layihə kimi xüsusilə İpək Yolu çərçivəsində nəzərdə tutula bilər. Türk dövlətlərinin arasında bu sahədə layihələr icra olunması mümkündür. Bundan başqa, rəqəmsallaşdırma və İKT əməkdaşlığı onlayn portal, mobil tətbiqlər və müxtəlif rəqəmsal platformalar yaradılaraq türk dilli ölkələrin turizm imkanları dünyada tanıdıla bilər". 

Mütəxəssisin sözlərinə görə, türk dünyasında turizm sahəsində təlim, tədris və kadr hazırlığı da mühüm məsələdir:

"Yəni Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında birgə mübadilə aparıla bilər. Bu da öz təcrübələrini bir-birinə ötürmək və daha peşəkar turizm infrastrukturu formalaşdırmaq üçün mühüm imkan yaradar. 

Bu da o nəticəyə gətirib çatdıracaq ki, beynəlxalq aləmdə turizm bazarında rəqabət güclənəcək və türk birliyi yaranacaq. Yəni Türk dövlətləri arasında və böyük bir güc olaraq özünü müxtəlif tədbirlərdə və bazarlarda göstərəcək".

Pərviz
 

0