Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin ən Azərbaycanla sıx əməkdaşlıq etdiyini bildirib.
Hacıyev bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi 40 faiz artıb və bu, son hədd deyil:
"Azərbaycan və Çin ikitərəfli iqtisadi və ticarət əməkdaşlığını daha da inkişaf etdirməyə davam edəcək. Hazırda bu əməkdaşlıq süni intellekt, bərpaolunan enerji və rəqəmsal transformasiya sahələrini də əhatə edir".
Maraqlıdır, Çin bazarlarının Azərbaycanın üzünə açılmasının nə kimi iqtisadi təsirləri olacaq?
Millət vəkili Aydın Hüseynov Hit.az-a deyib ki, Azərbaycanla Çin arasında əməkdaşlıq sürətlə inkişaf edir və ticarət dövriyyəsi son bir ildə 40 faiz artıb. Bu göstərici hələ də son hədd hesab edilmir və tərəflər iqtisadi əlaqələri daha da genişləndirmək niyyətindədirlər:
"Azərbaycan və Çin arasında əməkdaşlıq yalnız ənənəvi sahələrlə məhdudlaşmır, eyni zamanda süni intellekt, rəqəmsal transformasiya və ⁶bərpaolunan enerji kimi müasir istiqamətləri də əhatə edir. Çin bazarlarının Azərbaycanın üzünə açılması isə ölkə üçün mühüm iqtisadi imkanlar yaradır. İlk növbədə, Azərbaycan məhsullarının dünyanın ən böyük istehlak bazarlarından birinə çıxışı təmin olunacaq. Bu, qeyri-neft sektorunun ixrac potensialını artırmaqla yanaşı, kənd təsərrüfatı, qida sənayesi, kimya və digər sahələrin inkişafına təkan verə bilər. Çinlə iqtisadi əlaqələrin dərinləşməsi həmçinin yeni texnologiyaların ölkəyə gətirilməsinə, rəqəmsal transformasiya prosesinin sürətlənməsinə və innovativ sahələrin genişlənməsinə şərait yaradacaq. Bundan başqa, Azərbaycanın tranzit imkanlarının möhkəmlənməsi, Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Orta Dəhlizin daha da əhəmiyyət qazanmasına səbəb olacaq. Beləliklə, Çin bazarlarına çıxış Azərbaycanın iqtisadi şaxələndirmə siyasətini gücləndirərək, ölkənin regional və qlobal iqtisadi inteqrasiyasına ciddi müsbət təsir göstərəcək".
Sevinc