Azərbaycanda yeni “kolxoz və sovxoz”lar yaradıla bilər

İQTİSADİYYAT
22:26 / 06.09.2025
57

Son vaxtlar Azərbaycan iqtisadiyyatı ilə bağlı ən çox səslənən fikirlər kənd təsərrüfatının inkişaf etməməsidir. 

Qeyd edilir ki, Azərbaycan son illər idxalçı ölkəyə çevrilib. Bu gün marketlərdə satışda olan kənd təsərrüfatı məhsullarının əksəriyyəti xarici ölkələrdən idxal edilib. Bunu isə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının azlığı ilə əlaqələndirirlər.

Azərbaycanda məhsul bolluğu yaratmaq üçün kolxozların fərqli formada bərpası mümkündürmü? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda kolxozları yenidən təşkil etmək mümkün deyil: 

“Son illər dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsində də belə ittifaq yoxdur. Ancaq müxtəlif kollektiv təsərrüfatların yaradılması istiqamətində müəyyən addımlar atmaq mümkündür. Aqrar sektor kollektiv təsərrüfatların yaradılması üçün müxtəlif güzəştlərlə nəzərdə tutulmuş kreditlər, subsidiyalar və digər güzəştlərlə təmin olunarsa, kiçik fermerlərin birləşməsi halında hansısa kollektiv təsərrüfatlar yaratmaq mümkündür. 

Bəzi ölkələrin təcrübəsində nadir olsa da, belə faktlara rast gəlirik. Məsələn, Hollandiyada, İsraildə və bir neçə ölkədə belə təcrübələr var. Kiçik fermerlərin birləşməsi nisbətən orta və iri kooperativlərin aqrar sektorda yaranmasına gətirib çıxara bilir. Burada hər kəs həmin təsərrüfatda pay sahibi olur. Həmin pay sahibləri də birləşdikdən sonra fəaliyyət göstərirlər”. 

O bildirib ki, bu, kolxos-sovxoz sistemi deyil və tamamilə fərqli bir sistemdir. Burada daha mütərəqqi qanunlar işləyir, əmək münasibətləri formalaşır: 

“Nəticə etibarilə onlar həm də dövlətdən ciddi dəstək, çox aşağı faizlərlə kreditlər alırlar. Həm bir sıra sosial güzəştlər, subsidiyalar, gübrələrin verilməsi, maldarlıqla bağlı pulsuz baytarlıq xidmətləri həyata keçirilir.

 Eləcə də onlar müxtəlif vergilərdən azad olunurlar ki, inkişaf edə bilsinlər. Xüsusilə də xarici ölkələrdən təsərrüfatları üçün lazım olan texniki avadanlıqların alınmasında, qida, yem təminatı ilə bağlı çox ciddi gömrük güzəştləri də tətbiq edilir. Bu, kompleks şəkildə həyata keçiriləndə, kollektiv təsərrüfatların formalaşmasının şahidi ola bilirik. 

Hətta bəzən həmin aqrar sektorun kollektiv iştirakçıları özləri üçün banklar, bank olmayan kredit təşkilatları yaradaraq daha geniş maliyyə qaynaqları formalaşdıra bilirlər. Bunun üçün Azərbaycanda kolxoz və sovxoz bərpa etmək yox, qeyd etdiyim məqamları strateji proqramları real şəraitdə həyata keçirmək lazımdır”. 

Ekspertin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin 1 hektar üçün əkin və gübrə təminatına il ərzində 40-70 manat verməsi heç nəyi dəyişmir: 

“Həmin subsidiyalar təyinatı üzrə müəyyənləşdirilmir. Yonca sahəsinə taxıl üçün subsiya verilir və yaxud əksinə olur. Söhbət indi təyin olunan kiçik subsidiyalar deyil, böyük subsidiyalardan gedir. Onu dövlət ayırır. Ya faizsiz kredit halında verir, ya məhsulu dövlət sifariş verir, tədarük dövründə məhsulu dövlət özü alır. 

Azərbaycanda aqrar sığorta sistemi demək olar ki, tam formalaşmayıb. Bir çox amillər var ki, real olaraq, həyata keçiriləndə effektiv olur. Azərbaycanda aqroparklar təcrübəsi var. Bu aqroparklar vasitəsilə həm əkin-biçin, həm də maldarlıq üzrə təmərküzləşmiş sistem mövcuddur. Ancaq bu, bəzən neqativ sistem üzərində qurulur. Bir qismi məmurlarındır və onlar müxtəlif yollarla kredit əldə edə bilirlər. 

Bu aqrar kreditlər hər kəs üçün əlçatan deyil. Bu kimi neqativ hallar var. Bürokratik əngəllər, ayrı -seçkilik aradan qalxarsa, şəffaflıq təmin edilərsə, Azərbaycanda xırda kollektiv təsərrüfatlar öz-özünə formalaşacaq və sonra inkişaf edəcək. Bir sıra kredit güzəştləri təmin edilərsə, kolxoz və sovxozdan da yaxşı nümunələr ortaya çıxacaq”. 

0