"Hazırda dünyada bir çox turizm istiqamətləri sürətlə inkişaf etməkdədir".
Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.
O, bu istiqamətlərdən bəhs edib:
"İlk növbədə Azərbaycanla başlayaq. Ölkəmizdə son zamanlarda turizmin ən çox inkişaf etdiyi bölgələr işğaldan azad edilmiş ərazilərimizdir. Xüsusən Şuşa, Xankəndi, Zəngilan və Laçını buna nümunə göstərmək olar. Füsunkar təbiəti və mineral bulaqları olan ərazilərimizdə gələcəkdə müalicəvi sanatoriyalar da tikiləcək. Bütün bunlar isə öz növbəsində Azərbaycana turist axını üçün böyük imkanlar yaradacaq".
Ekspert qeyd edib ki, Albaniya və Balkan ölkələri də turistlərin diqqətini çəkir:
"Sözügedən ölkələr büdcəyə uyğun və təbii gözəllikləri olan Avropa bölgələri hesab olunur. Həmin ərazilər çimərlik, dağ turizmi və tarixi abidələrlə populyardır. Həmçinin, Özbəkistan və digər Mərkəzi Asiya ölkələrinə də gedən turist sayı artmaqdadır. Xüsusilə viza rejiminin yumşaldılması buna ciddi təsir edir".
Mütəxəssis Gürcüstanın da turizm sahəsində xeyli inkişaf etdiyindən bəhs edib:
"Gürcüstanın əsas turizm mərkəzləri Tiflis və Batumidir. Adıçəkilən ölkə dağ turizmi və qonaqpərvərliyi ilə sürətlə populyarlaşır. Bundan başqa, Ruanda, Keniya, Tanzaniya kimi Afrika ölkələri də turistlərin marağına səbəb olur. Əsasən macəra axtaranlar ora üz tuturlar. Ona görə də Afrikada yeni otel açılışları və beynəlxalq reyslərin sayı artmaqdadır".
Rəhman Quliyev qardaş ölkə Türkiyənin də turizmindən danışıb:
"Türkiyənin şimal və şərq bölgələri daha çox önplana çıxır. Əsasən Qaradəniz və Van bölgəsini ayrıca qeyd etmək olar. Üstəlik, qardaş ölkənin təbiət və mədəniyyət turizmi də inkişaf etməkdədir.
Ümumiyyətlə, adını çəkdiyim bütün bölgələr həm turizm infrastrukturu, həm də tanıtım baxımından ciddi addımlar atır və gələcək illərdə daha da populyarlaşacağı gözlənilir".
Pərviz