Azərbaycanda ət yenidən bahalaşıb. Bakıda və rayonlarda pərakəndə ət satışı məntəqələrində qiymətlər artıb. Belə ki, mal ətinin qiyməti 17-18 manat olub. Qoyun ətinin qiyməti isə 25 manata qədər bahalaşıb.
Maraqlıdır ki, əvvəlki illərdə yay aylarında ətin qiymətində nisbətən ucuzlaşma müşahidə olunurdu. Lakin bu il tam əksi baş verdi və ət qiymətləri məhz yay aylarında yüksəlməyə başladı.
Bəs, bahalaşmaya səbəb nədir?
Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, ətin qiymətinin qalxmasının bir neçə səbəbi var:
“Əsas səbəb odur ki, tələb təklifi üstələyir. Bu gün bazara lazım olduğundan az ət çıxarılır. Bu da qıtlıq və bahalıq yaradır. Qıtlığı da yaradan səbəblər var. Birincisi, heyvanlar üçün yem məhsullarının qiyməti həm daxildə, həm də idxalda artıb. Bu, heyvandarlıq təsərrüfatlarının məhsullarını maya dəyərini yüksəldir. Baytarlıq preparatları, yanacaq, nəqliyyat və elektrik xərcləri də heyvandarlıqda əlavə yük yaradır.
İkincisi, örüş sahələrinin olmamasıdır.
Bu gün kənddə insanlar 10-15-dən artıq davar saxlaya bilmir. Çünki əvvəlki kimi geniş örüş sahələri yoxdur. Örüş problemi iri buynuzlu heyvanlar üçün də mövcuddur. Bu səbəbdən iri buynuzlu heyvanlar qapalı şəraitdə saxlanılır. Bu isə əlavə xərclərin yaranmasına səbəb olur. Ümumiyyətlə, örüş sahəsindəki problemin dərinləşməsi ilbəil ət istehsalını aşağı salır. Tələbatın ödənilməsi üçün son zamanlar idxalın həcmi artıb. Lakin bu sahədəki inhisarçılıq da problemə əlavə “rəng” qatır”.
O qeyd edib ki, əvvəlki illərdə ənənəvi olaraq yayda ətin qiyməti aşağı düşürdü:
“Çünki isti havalarda əti keyfiyyətli saxlamaq mümkün deyil. Eyni zamanda, yay mövsümündə insanlar daha çox tərəvəz yeməklərinə üstünlük verir. Həmçinin yay aylarında toyların sayı azalır. Bunun hesabına da ətə tələbat xeyli azalırdı. Lakin son iki ildə vəziyyət dəyişib. Artıq yay günlərində də ət bahalaşır. Bu gedişlə payız aylarında biz ətin rekord qiymətləri ilə üzləşəcəyik”.