Daşınmaz əmlak bazarında qiymətə dövlət müdaxilə edə bilər?

İQTİSADİYYAT
17:29 / 15.09.2025
50

Bakının daşınmaz əmlak bazarında qiymətlərdə artım tendensiyası müşahidə olunur. 

Son illər tikinti şirkətlərindən mənzil almaq əlçatmaz problemə çevrilib.

Çünki qiymətlər o dərəcədə absurd, reallıqlardan uzaq və əhalinin gəlirlərinə tərs-mütənasibdir.

Maraqlıdır, dövlət orqanlarının bu prosesə qarışması, qiymətlərin tənzimlənməsində rolu mümkündürmü?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc Hit.az-a şərhində bildirib ki, daşınmaz əmlakın qiymətlərini tənzimləyən yeganə alət bazardır:

"Daşınmaz əmlak dedikdə bura növündən asılı olmayaraq mənzil, fərdi  yaşayış, qeyri-yaşayış,  torpaq sahəsi, əmlak kompleksi nəzərdə tutulur. Daşınmaz əmlakın qiymətini tənzimləyən isə bazardır. Bazar münasibətləri, alqı-satış, tələb və təklif arasında olan asılılıq qiymətlərin formalaşmasına təsir edir. Konkret daşınmaz növlərinə tələb varsa, bazar dinamik şəkildə inkişaf edirsə, inzibati qaydada bazarı tənzimləmək mümkün deyil. Bazara müxtəlif alətlərlə (sosial, vergi, dövlət tərəfindən müəyyən təşviq sənədlərlə) təsir etmək mümkündür. Ancaq  qiyməti formalaşdırmaq bazarın öz funksiyasıdır. Bu baxımdan inzibati qaydada daşınmaz əmlakın növlərinin qiymətinin müəyyənləşdirilməsi, onlara hər hansı bir təsirin göstərilməsi mümkün deyil. Ilk növbədə qiymətlərin artmasına diqqət etmək lazımdır. Qiymət artımının müxtəlif səbəbi var. İlk olaraq deyim ki, Rusiya və Ukrayna müharibəsindən sonra ölkəmizə inşaat materiallarının gətirilməsində problemlər yarandı. Bu hal inşaat materiallarının qiymətinə təsir etdi. İkinci  səbəb manatın digər valyutalara nisbətən alıcılıq qabiliyyətinin dəyişməsidir. Üçüncu amil isə vergi ödənişinin rəsmiləşdirilməsidir. Dördüncü səbəb  normativ qaydaların sərtləşdirilməsidir. 

Əvvəllər bəlli bir torpaq sahəsində sahibkar 20-30 min kvadrat tikinti həyata keçirə bilirdi. Ancaq indiki qanuna əməl etmə tələbi kvadatın azalmasına səbəb oldu. Yəni, ilk zamanlar planda göstəriləndən artıq tikintiyə icazə verilirdi, binalar bir-birinə yaxın tikilirdi. Bu hal isə müəyyən normativ qaydaların pozulmasına səbəb olurdu və müxtəlif səbəblərdən pozuntulara göz yumulurdu. Ancaq indi bu iş elə də asan deyil, araşdırma aparılır, qaydalara əməl etməyənlər cəzalandırılır. Bu səbəbdən də normativlərə əməl edilməsi prioritet təşkil edir. Məlum halda qiymətlərin artmasına səbəb olur. 

Onu da deyim ki, Bakı digər regionlarla müqayisədə çox inkişaf edib. Beşinci səbəb kimi paytaxta iş dalınca gələn sakinlərin sayı artmasını deyə bilərəm. Bu da qiymət artımına səbəb olur. 

Altıncı səbəb isə mövsum bahalaşmadır. Məlumdur ki, hər il 50 mindən çox abituriyent çox tələbə qazanır.Həmin tələbələrin bir qismi regionlardan gələnlərdir. Təhsil müəssisələrinin mütləq əksəriyyətinin Bakı şəhərində yerləşməsi bazara təsir edir. 

Bahalaşma dünyada da müşahidə olunur. Artım tendensiyası son illərdə də daha da böyük vüsət alıb. 

Növbəti amil isə ölkədə daşınmaz əmlakın biznes obyekti, investiya aləti  kimi çıxış etməsidir. Bu istiqamətdə çox böyük biznes formalaşıb, insanlar və sahibkarlar az riskli investisiya aləti kimi daşınmaz əmlaka üstünlük verir”.

Həmsöhbətimiz hesab edir ki, mənzil bazarında qiymətə kirayə qiymətlərinin yüksək olması təsir edir: 

“Bunun qarşısını almaq üçün təhsil müəsisələri paytaxtdan kənar ərazilərə köçürülməlidir. Həmçinin, istehsalat müəsisələri də Bakıdan kənar bölgələrdə fəaliyyət göstərə bilər. Bəzi dövlət qurumları da şəhərdən köçürülə bilər. Paytaxt ərazisi boşalması ilə yanaşı sosial layihələrə də üstünlük verilməlidir. Belə ki, daha çox bina tikilməsi üçün təşviqedici işlər həyata keçirilməlidir. İpoteka Kredit Zəmanət Fondu və Mənzil İnşaat Dövlət Agentliyinin layihələri artmalıdır. Bununla daşınmaz əmlakın qiymətinə dövlət qisməndə olsa təsir edə bilər. Ancaq dövlətin birbaşa daşınmaz əmlakın qiymətin təsir göstərməsi mümkün deyil”.

Sevinc

0