Ölkəmizdə turizm sahəsində ixtisaslaşmış kadr çatışmır?

İQTİSADİYYAT
11:04 / 22.09.2025
44

"Təəssüf ki, hazırda Azərbaycanda turizm sahəsi üzrə ixtisaslaşmış kadr problemi var". 

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bunun səbəblərindən bəhs edib:

"Praktiki biliklərin azlığı turizm ixtisasına birbaşa təsir göstərir. Yəni bu ixtisas üzrə məzun olanların əksəriyyəti nəzəri biliklərə sahib olsalar da, real sahədə işləmək, müştəri ilə ünsiyyət qurmaq və stresli vəziyyətləri idarə etmək kimi praktiki bacarıqlarda çətinlik yaşayırlar. 

Əslində, turizm sahəsində çalışanlar üçün bir neçə dildə sərbəst ünsiyyət qurmağı bacarmaq olduqca vacibdir. Ancaq əfsuslar olsun ki, bizdə bu sahədə bəzi kadrlar kifayət qədər deyil". 

382405

Ekspertin sözlərinə görə, mövsümi və qeyri-sabit məşğulluğun da buna təsir edir:

"Nəzərə almaq lazımdır ki, turizm sahəsində iş yerləri əsasən mövsümi olur. Bu isə peşəkarların uzunmüddətli karyera qurmasını çətinləşdirir. Gənclər əsasən daha sabit sahələrə yönəlməyə üstünlük verirlər. Bundan başqa, sertifikatlı qısa müddətli təlim proqramları, beynəlxalq təcrübə imkanları və davamlı inkişaf mexanizmləri də məhduddur". 

Rəhman Quliyev qeyd edib ki, təhsil modellərinin tətbiqi universitet və praktik baza da çox mühümdür:

"Daha dəqiq desək, ölkəmizdə dövlət və özəl sektorun əməkdaşlığı ilə peşəkar təlim mərkəzlərinin yaradılması zəruridir. Həmçinin, hesab edirəm ki, turizm sahəsində işçilər üçün həvəsləndirici karyera inkişaf sisteminin qurulması da çox vacib məsələlər sırasındadır. Üstəlik, bu yanaşmalar həm turizm sahəsində insan kapitalının güclənməsinə, həm də Azərbaycanın turizm bazarındakı rəqabət qabiliyyətinə müsbət təsir edəcək".

Pərviz

0