Xəbər verdiyimiz kimi, ötən həftə Azərbaycan Dəmir Yolları (ADY) ilə bağlı saytımıza şikayət daxil olmuşdu.
Şikayətçi alınan biletin istifadə olunmadan 15 dəqiqədən sonra geri qaytarılması halında pul çıxmasına etiraz edirdi. Bildirək ki, biletlərlə bağlı 15 dəqiqəlik zaman müəyyən olunub. Yəni bileti aldıqdan sonra 15 dəqiqə keçirsə platformadan ayrıldıqda artıq sizdən 1 manat çıxılır. Ancaq 15 dəqiqə ərzində ödəniş tələb olunmur.
Şikayətçi pik saatlarda sıxlıq səbəbindən gec gələn qatarlara minməkdə çox çətinlik çəkdiyini və ikinci qatarı gözləməyin vaxt itkisi olduğu üçün bəzi şəxslərin platformasını tərk etdiyini söyləyib. O, istifadə olunmayan xidmətə görə ödəniş alınmasına etiraz edib.
Şikayətçi tərəf həmin 15 dəqiqəlik müddətin ləğv olunmasını təklif etmişdi. "Azərbaycan Dəmir Yolları" isə sorğumuza cavabında sisteminin dəyişdirilməsi gündəmdə olmadığını açıqlamışdı.
Nəqliyyat eksperti Aslan Əsədov da məsələyə münasibət bildirib. O, Hit.az-a açıqlamasında deyib ki, bəzən hər hansı bir məsələ ilə bağlı narazılıq yarana bilər:
"Bu da təbii haldır. İş prosesində narazı və şikayətçi tərəflər olacaq. Amma məsələnin mahiyyəti nədir? Məsələn, intervalın azaldılması doğru addım ola bilər. Bundan başqa, biletlər müddətsiz olmalıdır. Yəni qatara minənə qədər o ödəniş qüvvədə qalmalıdır. Əks halda, ödənişin geri qaytarılması və ya buna alternativ bir həll düşünmək lazımdır".
Mütəxəssis fikirlərini belə əsaslandırıb:
"Əgər mən bileti almışam, amma bir qatara minə bilməmişəm. Növbəti qatarı gözləmədən platformadan ayrılıramsa, ödəniş çıxmamalıdır. Amma düşünürəm ki, qatara minə bilmədiyim müddət ərzində biletlə bağlı zamanın dəyərin ləğv olması proqram təminatını və təşkilatçılıqla bağlı məsələdir. Ona görə də birinci növbədə proqram təminatına fikir vermək və işin prinsipinə diqqət yetirmək lazımdır. "Bu niyə belədir?" və "Həlli nədir?" suallarının cavabını tapmaq vacibdir".
Pərviz