Ölkəmizdə birinci əl avtomobillər nə üçün çox bahadır?

İQTİSADİYYAT
11:33 / 25.09.2025
47

Azərbaycanda avtomobil bazarında qiymətlər çox yüksəkdir.

Xüsusilə birinci əl maşınlarda bu fərq daha qabarıq şəkildə üzə çıxır. Yəni 0 kilometr yürüşə sahib avtomobillər ikinci əl avtomobillərdən çox daha yüksək qiymətə təklif olunur. Konkret olaraq belə avtomobilə sahib olmaq üçün 20-30 min manat pul lazımdır. 

Bəs bu qiymətlər necə formalaşır? Birinci əl avtomobillərin qiymətləri nə üçün belə yüksəkdir? 

İqtisadçı ekspert Elçin Rəşidov Hit.az-a açıqlamasında deyib ki, təzə maşınların köhnələrdən baha olması təbiidir:
"Amma məsələyə müxtəlif aspektdən yanaşmaq olar. Bəlkə də o avtomobillər baha deyil, sadəcə olaraq biz az qazanırıq. Onun üçün illərlə çalışmaq lazım ola bilər. Bu da bir ehtimaldır. Yəni hər şey nisbidir. 

Əslində, avtomobil istehsal olunduğu ölkədə nisbətən ucuz olur. Lakin ixrac olunduğu ölkədə qiymət artır. Bu da təbiidir. Çünki daşıma qiyməti, sığorta, gömrük rüsumu və ƏDV də qiymətin üzərinə gəlir. Bundan başqa, həmin avtomobilləri ölkədə satan şirkət də qazanması üçün qiyməti yüksəldir. Yəni avtomobil bazarındakı qiymətlər belə formalaşır. Üstəlik, Azərbaycan avtomobil bazarında kifayət qədər rəqabət var. O sahədə monopoliya yoxdur". 

Ekspert qeyd edib ki, birinci əl avtomobillərin də qiyməti dünya bazarına baxılıb uyğunlaşdırılır:
"Azərbaycanda istehsal olunan avtomobillərin də dəyəri idxal etdiyimiz maşınların qiymətinə nəzərən formalaşır. Yəni əsas referans nöqtəsi dünya bazarında və ixrac edən ölkələrdə avtomobilin hansı qiymətə təklif olunmasıdır. 

İstər birinci, istərsə də ikinci əl avtomobil bazarında qiymətlər belə və bəhs etdiyim xərclərə əsasən formalaşır. Üstəlik, işlənmiş modellərin də dəyəri 0 kilometr yürüşə sahib avtomobillərin qiymətinə nəzərən müəyyənləşir". 

Pərviz
 

0