"Son illərdə Azərbaycanda qış turizmi sahəsindəki imkanlarımız kifayət qədər genişlənib".
Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu inkişaf tendensiyası davam etməkdədir:
"Xüsusilə ölkəmizin dağlıq relyefi, əlverişli iqlimi, təbiət gözəllikləri və yeni turizm infrastrukturunun yaradılması bu sahəyə çox ciddi potensial qazandırır. Şahdağ Turizm Kompleksini buna nümunə göstərə bilərik. O Azərbaycanın ilk və ən böyük dağ-xizək mərkəzidir".
Ekspert sözlərinə belə davam edib:
"Bundan başqa, ölkəmizdə xeyli müasir xizək trasları, otellər, SPA mərkəzləri, ailəvi istirahət zonaları mövcuddur. Eyni zamanda, Tufandağ Qış-Yay Turizm Kompleksini də misal göstərə bilərik. Orada da həm peşəkar, həm də yeni başlayanlar üçün xizək sürmək imkanları var. Sözügedən turizm kompleksinin də yay-qış fəaliyyət göstərir".
Rəhman Quliyev onu da vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə də qış turizmi üçün böyük potensial var:
"Xüsusən Kəlbəcər və Laçın bu istiqamətdə daha çox önə çıxır. Həmin şəhərlərdə geotermal su ehtiyatları, dağ mənzərələri və qış şəraiti olur. Bütün bunlar isə öz növbəsində gələcəkdə bu bölgələri də qış turizmi üçün cəlbedici edə bilər".
Müsahibimiz fikirlərini belə yekunlaşdırıb:
"Ümumiyyətlə, qış turizmi Azərbaycanda inkişaf etməkdə olan bir istiqamətdir və potensialı da yüksəkdir. Yeni layihələr, investorların marağı və işğaldan azad olunmuş bölgələrdəki resurslar bu sahənin yaxın illərdə daha da genişlənəcəyini göstərir".
Pərviz