"Qızılın sürətli şəkildə artmasının bir çox səbəbi var".
Bu sözləri iqtisadçı ekspert Elman Sadıqov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, birinci səbəb dünyada davam edən inflyasiya fonunda qızılın qiymətlərinin sabit saxlanılmasıdır:
"Dünyada artan inflyasiyaya uzun müddət qızılın qiymətini ETF-lərlə süni şəkildə aşağıda saxladılar. Çünki qızılın qiymətinin artması bir tərəfdən də inflyasiyaya təsir edə biləcəyi üçün narahatlıqlar mövcud idi.
Uzun müddət inflyasiya getdi, lakin qızılın qiyməti 1800 dollar ətrafında qaldı. Bildiyimiz kimi, qızıl həm də dünyada inflyasiyadan qoruyan bir alətdir. Yəni qızıl həmişə alıcılıq gücünü özündə saxlayır. Uzun müddət sıxılıb qalan qızıl qiymətləri inflyasiya dərəcəsi 2.3-2.4-ə düşdükdə artıq buraxıldı. Çünki bunun özünün də ciddi riski var idi".
Ekspert qeyd edib ki, hal-hazırda dünyada tələb olunan qızıl ETF-lər vasitəsilə satılıb:
"Bunu sadə dildə belə izah etmək olar. Məsələn, banka gəlirsiniz, deyirsiniz ki, "İnvestisiya etmək üçün mənə 1 kq qızıl lazımdır". Bank sizə fiziki qızıl deyil, sadəcə kağız verir. Orada sizin 1 kq və ya 100 unsiya qızılınız olduğu göstərilir. Daha dəqiq desək, həmin qızıl sizdə yox, bankda qalır.
Əslində, belə sənədlərin həcmi fiziki qızılın həcmindən 4-5 dəfə çoxdur. Bu isə çox böyük rəqəmdir. Faktiki olaraq bu gün insanların hamısı əllərində olan ETF-lərlə gedib banklardan öz qızıllarını tələb etsələr, o qədər fiziki qızılın olmadığı ortaya çıxacaq. ETF-lərin artması ciddi risk formalaşdırardı. Ona görə də bunu saxladılar, artıq bazarda qiymət buraxıldı. Bu, əsas məsələlərdən biridir".
Həmsöhbətimiz vurğulayıb ki, qızıl inflyasiyada alıcılıq qabiliyyətini qoruyan əsas aktivdir:
"Qızıl həm tədavül, həm də ödəmə vasitəsidir. Ona görə də uzun müddət qiymətin aşağı salınması bir disbalans formalaşdırdı. Qızılın dəyəri ilə dolların alıcılıq qabiliyyəti arasında uçurum yarandı. İndi də qızıl öz mövqeyini möhkəmləndirməkdə davam edir. Amma bu, tək səbəb deyil. Çünki qızıl həddən artıq yüksək bir göstəriciyə çatdı. Faktiki olaraq, 1800 dollardan 3800 dollara qədər irəlilədi. Bu da təkcə inflyasiya məsələsi deyil".
Mütəxəssisin sözlərinə görə, burada başqa bir amil də var:
"Mərkəzi banklar üçün belə bir qərar verilmişdi ki, qızılın risk dərəcəsi sıfır hesablanacaq. 2013-cü ildən əvvəl qızılın risk dərəcəsi faktiki olaraq sıfır deyildi. Yəni qızıl tam olaraq dollara bərabər hesab olunmur və nağd vəsaitə bərabər sayılmırdı. Lakin qızılın risk dərəcəsi sıfır elan olunduqdan sonra artıq tam olaraq nağd vəsait kimi qəbul edildi. Bundan sonra qızıla olan tələb artdı. Eyni zamanda, həm investisiyalar artdı, həm də mərkəzi banklar da çoxlu qızıl almağa başladı.
Digər səbəb isə dünyada baş verən hadisələrdir. Yeni dünya nizamı, transformasiyalar, 4-cü sənaye inqilabına keçid, alternativ enerjiyə keçid və s. kimi məsələlər də müəyyən dərəcədə risklər formalaşdırdı. Digər tərəfdən isə Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqlə bağlı məsələlər də qızıla tələbi artırdı. Çünki dünyada risklər artmağa başladı.
Risklər artdıqca kağız pullara olan tələblər azalır və hətta qızıla olan tələbi kriptovalyutaları məşhurlaşdırmaqla belə azalda bilmədilər. Yəni müəyyən vəsaitləri kriptovalyutaya yönəltmək yolu ilə belə buna nail ola bilmədilər. Nəticədə qızılın qiyməti hazırkı risk fonunda sürətlə artmağa başladı".
Elman Sadıqov onu da diqqətə çatdırıb ki, pandemiya dövründə dünya ölkələri tərəfindən insanlara çoxlu vəsait paylandı:
"Çünki qapanma var idi. Qapanış dövründə əhali işləmirdi və onlara müəyyən vəsaitlər verildi. Məsələn, Federal Ehtiyatlar Sisteminin balansı 3 trilyondan 9 trilyona qədər yüksəldi. Düzdür, hazırda əks siyasətlə Federal Ehtiyatlar Sistemi bu balansı 6 trilyon dollara qədər azaltmağa nail oldu, amma hər halda ilkin balansdan qat-qat çoxdur. Əllərdə yığılan likvid vəsaitin bir hissəsi də qızıla yönəldi.
Digər tərəfdən isə hazırda bütün dünyada kapitalla qazanılan vəsaitlər ümumi gəlirlərin 70 faizinə bərabərdir. Qalan 30 faizi dəyər yaratmaqla istehsal, emal və s. ilə əldə olunur. Getdikcə artan bu kapitaldan gələn gəlirlərdən bir hissəsi də investisiya olaraq qızıla yönəlir.
Yəni gördüyümüz kimi, qızılın qiymətinin artması ilə bağlı bir deyil, bir neçə amil var. Bu amillərin hər biri müəyyən faiz dərəcəsi ilə qızılın qiymətinin artmasında rol oynayır. Nəticədə qızıl davamlı olaraq yüksəlməyə davam edir".
İqtisadçı sözlərini belə yekunlaşdırıb:
"Həmçinin, bazar psixologiyası amilini də nəzərə almaq lazımdır. Artan qiymətlərə həm əhali, həm banklar, həm də investorlar daha çox yönəlir. Bu yönəlmə artdıqca, nəticədə daha yüksək qiymətlər formalaşır. Bu tendensiya da davam edir. Yəni qızılın qiymət artımında bir deyil, bir neçə əsas səbəb var".
Pərviz