"Festival və tədbir turizminin iqtisadiyyata təsirləri çox böyükdür".
Bu sözləri turizm üzrə ekspert Ceyhun Aşurov Hit.az-a açıqlamasında deyib.
O, bunların əhəmiyyətindən söz açıb:
"Ölkədə tədbirlər, konqreslər və iri festivalların keçirilməsi olduqca önəmlidir. Çünki bu kimi tədbirlər turizmdə turistlərin gəlişi üçün bir təşviq rolunu oynayır. Bu səbəbdən də həmin ərəfələrdə festivallarda daha çox insan müəyyən destinasiyalara gəlmiş olur. Həm ölkənin, həm də hansısa bir destinasiyanın, şəhərin, yerin tanıdılması nöqteyi-nəzərdən yaxşı bir addımdır".
Ekspert qeyd edib ki, belə tədbirlərdə və festivallarda məhsullar sərgilənir:
"İnsanlar həmin əraziyə gəlməklə istər ərazini kəşf edirlər, istərsə də məhsulları alırlar. Üstəlik, müasir dövrdə belə festivallar sayəsində kifayət qədər paylaşım imkanları yaranır. Bu mənada, belə festival və tədbirlərin turizm üçün çox müsbət əhəmiyyəti var".
Mütəxəssis onu da diqqətə çatdırıb ki, turistlərin gəlməsi daha çox istehlak və xərclərin paylanması deməkdir:
"Bu da gəlirlərə öz müsbət təsirini göstərir. Dolayısıyla gəlirlər əhalinin müxtəlif təbəqələrinə paylanmış olur. Yəni bu, həm də iqtisadiyyat üçün müsbət təsir sayılır. Çünki gələn gəlirlər əhali arasında paylanmaqla yanaşı, vergi formasında da dövlətə öz müsbət təsirini göstərir".
Pərviz