Bu il sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 530,9 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata əsasən avqustun 1-i ilə müqayisədə 0,3 % çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 18,2%, son 1 ildə isə 12,2 % artıb.
Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib.
Bu nisbət iyulun sonuna da 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il avqustun sonuna isə 1,7 % olub.
Iqtisadçı Natiq Cəfərli Hit.az-a deyib ki, gəlirlər az olduğu üçün insanlar kreditlərə üz tutmağa məcbur olurlar:
“Çox güman ki, gecikmələr əsasən istehlak kreditlərindədir. Faizlər həddindən artıq yüksəkdir, insanlar da bəzən məsuliyyət hiss etmədən bir neçə bankdan eyni anda kredit götürərək problemlərini həll etməyə çalışırlar. Düzdür, bu, vətəndaşların da günahı deyil. Gəlirlərin azalması vətəndaşları məcbur edir ki, istehlak kreditlərinə müraciət etsinlər.Dünya praktikasında belədir ki, problemli kreditlərin həcmi kredit portfelinə nisbətən 3 faizdən yuxarı olanda bu, ciddi problem hesab edilir. Hələlik Azərbaycanda 1,7 faiz civarındadır, yəni təhlükəli xəttdən xeyli aşağıdır. Problem tendensiyadadır. Tendensiya belədir ki, hər ay problemli kreditlərin həcmində az da olsa artım müşahidə olunur”.
Sevinc