Çox pul xərcləməyi necə azaltmaq olar? - Büdcənizə qənaətin ən yaxşı yolu

İQTİSADİYYAT
16:50 / 04.10.2025
53

Maaşınızı və ya cib xərcliyinizi alar-almaz xərcləyib bitirirsinizmi? Bir dəfə alış-veriş etməyə başladıqda dayanmaq çətin ola bilər. Amma düşünmədən xərclədiyiniz hər manat yığımlarınızı azaldır, bəzən də sizi borca salır. Pul xərcləməyə nəzarət etmək hər kəs üçün asan deyil, amma düzgün yanaşma ilə bu mümkündür. Əgər maliyyə vərdişlərinizi dəyişməyə hazırsınızsa, siz də həm xərclərinizi idarə edə, həm də pul yığmağı bacara bilərsiniz.

Valyuta.az sizə çox pul xərcləməyinizi necə azaldacağınızın yollarını təqdim edir:

Xərcləmə vərdişlərinizi incələmək

Hər ay mütəmadi olaraq pul xərclədiyiniz şeyləri nəzərdən keçirin. Ola bilsin ki, çöldə yeməyi sevirsiniz, ya da ayaqqabı həvəsiniz var. Bəlkə də jurnal və ya abunəliklərə pul xərcləməkdən çəkinmirsiniz. Maddi zövqlərə pul xərcləməkdə problem yoxdur, amma bunların siyahısını çıxarıb “istəyə bağlı xərclər” kimi qeyd edin.
Özünüzdən soruşun: İstəyə bağlı xərclərə həddindən artıq pul ayırırammı? Kirayə, kommunal və digər sabit ödənişlərdən fərqli olaraq, istəyə bağlı xərcləri azaltmaq daha asandır. Son üç ayın bütün xərclərinizi analiz edin. Kassa çekləri, kart çıxarışları və nağd xərclərinizi yoxlayın. Hətta xırda xərcləri – qəhvə, qəlyanaltı, yolüstü alınan sendviçi də nəzərə alın. Bir ayda nə qədər pulun hara getdiyinə təəccüblənəcəksiniz. Əgər mümkündürsə, bütün ilin hesabatını çıxarın. Bu, hansı sahədə qənaət edə biləcəyiniz barədə fikir verəcək.

Çeklərinizi atmayın. Günlük xərclərinizi izləmək üçün ən yaxşı üsuldur. Ayın sonunda büdcəni nə vaxt aşdığınızı daha asan anlayacaqsınız. Kartdan istifadə edin ki, bütün xərclər qeyd olunsun. Mümkünsə, kredit kartı borcunuzu hər ay tam ödəyin.
Büdcə proqramlarından istifadə edin. Bu proqramlar illik gəlirinizi və xərclərinizi hesablayaraq, büdcədən çıxmamağınıza kömək edir.

Özünüzdən soruşun: Qazandığımdan çox xərcləyirəmmi? Əgər hər ay kirayəni ödəmək üçün yığımdan götürürsünüzsə və ya alış-verişi daim kredit kartı ilə edirsinizsə, bu, gəlirinizi aşdığınızı göstərir.
Telefonunuza büdcə tətbiqi yükləyin və hər xərci oraya yazın.

Xərcləmə vərdişlərinizi düzəltmək üçün isə büdcə müəyyən edin və ona sadiq qalın. Əvvəlcə aylıq sabit xərclərinizi müəyyən edin. Buraya kirayə, kommunalŞ nəqliyyat, qida, sağlamlıq və digər xərclər daxildir. Əgər borc ödəyirsinizsə, taksitləri də əsas xərclərə əlavə edin.

Məqsədli alış-veriş edin. Yalnız ehtiyac duyduğunuz şeyləri alın – köhnəlmiş corabın yenisi, sıradan çıxmış telefonun dəyişdirilməsi və s. Marketə siyahı ilə gedin və ona sadiq qalın. Online alış-veriş də sizə ümumi məbləği əvvəlcədən görməyə kömək edə bilər.

Endirimlərə aldanmayın. Endirimdə olduğu üçün məhsul almaq əvəzinə özünüzdən soruşun: Buna həqiqətən ehtiyacım var? Ayın sonuna qədər pulum qalacaqmı?

Kredit kartınızı evdə saxlayın. Həftəlik yalnız lazım olan miqdarda nağd götürün. Əgər kart götürməlisinizsə, ona nağd kart kimi yanaşın və hər xərci diqqətlə edin. Çöldə yemək yerinə evdə bişirin. Çöldə hər gün yemək baha başa gəlir. Evdə hazırlayıb işə yemək aparmaq ayda xeyli qənaət etdirə bilər. Bir ay sınaq edin: yalnız zəruri ehtiyaclara pul xərcləyin. Bu, “ehtiyac” ilə “istək” arasındakı fərqi daha yaxşı anlamağınıza kömək edəcək. Özünüz edin. Ev əşyalarını, dekorasiyanı və ya sadə təmizləyici vasitələri özünüz hazırlayın. Bu həm ucuz, həm də yaradıcılıq baxımından faydalıdır. Bir məqsəd qoyun və o məqsədə görə pul yığın. Məsələn, ev almaq və ya səyahət üçün hər ay müəyyən məbləği kənara qoyun. Beləliklə, xırda şeylərdən imtina edərək böyük hədəflərə çata bilərsiniz.

0