"Ekoturizm təbiəti qorumaq şərtilə ətraf mühit və yerli mədəniyyətə hörmət edən turizm növüdür".
Bu sözləri turizm üzrə ekspert Həmid Cahedi Hit.az-a açıqlamasında deyib.
O, bu turizm növünün ən əsas xüsusiyyətlərindən bəhs edib:
"Birincisi, təbiət əsaslıdır. Məsələn, meşə, dağ, çay, göl və qorunan ərazilərə səyahət olunur. İkincisi, ətraf mühiti qorumaq şərtilə ekoturizm baş tutur. Üçüncüsü, yerli icmaya fayda vermək şərtilə ekoturizm təşkil olunur. Həmçinin, maarifləndirmə xarakteri də daşıyır. Yəni turistlər yerli icma ilə onların mədəniyyətini öyrənirlər və qarşılıqlı münasibət yaranır".
Ekspert qeyd edib ki, ekoturizm həm istirahət, həm təbiəti qorumaq, həm də yerli icma ilə ünsiyyət qurmaq deməkdir:
"Son illərdə həm özəl şirkətlər, həm dövlət tərəfindən bu sahədə müəyyən işlər aparılıb. Dövlət tərəfindən ekoturizmin bir qolu olaraq aqro və kənd turizmi sahəsində müəyyən addımlar atılıb. Son illər ərzində 10-dan çox rayonda müxtəlif tədbirlər və maarifləndirici infoturlar təşkil olunub.
Xüsusi turizm şirkətləri o marşrutlar haqqında bilgi əldə edərək öz tur paketlərini hazırlayıb həm yerli, həm xarici turistlərə təqdim etməyə çalışırlar. Dövlət səviyyəsindəki təşviqlə yanaşı, bələdiyyə və müxtəlif qurumlar kimi yerli icmaların cəlb edilməsi istiqamətində maarifləndirmə işləri görülüb".
Mütəxəssis fikirlərini belə davam etdirib:
"Azərbaycanın müxtəlif ərazilərində ekoturizmlə bağlı addımlar atılıb. Məsələn, Lerik, Lənkəran, Astara, Quba, Qusar, İsmayıllı, Şamaxı, Qəbələ, Şəki, Zaqatala, Gəncə, Göygöl və Naxçıvan bölgələrində müxtəlif tədbirlər həyata keçirilib. Bununla həm yerli icmanı maarifləndirmək, həm də onların öz xidmətlərini turistlərə təqdim etmək fəaliyyətləri icra olunub.
Nümunə olaraq qardaş Türkiyəni də götürə bilərik. Orada da son illərdə bənzər işlər davam etdirilir. Türkiyədə Turizm və Mədəniyyət Nazirliyi tərəfindən ekoturizm master planları hazırlanıb. Daha dəqiq desək, milli parklar və qorunan ərazilərdə həm yerli, həm xarici turistlər üçün müxtəlif tədbirlər görür".
Həmid Cahedinin sözlərinə görə, bu ekoturizm xüsusilə post-pandemiya dövründən sonra ən aktiv halına gətirib çıxarıb:
"Çünki insanlar təbiətə getmək və sağlamlıqlarını təbiət qoynunda bərpa etmək istəyirlər. Bu da öz növbəsində ekoturizm sahəsinin son illərdə həm Azərbaycanda, həm qardaş Türkiyədə, həm də dünyada artımla müşahidə olunmasına səbəb olub".
Pərviz