"Turizm sahəsinə investorları cəlb etmək üçün bir sıra addımlar atmaq lazımdır".
Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, investor üçün ilk növbədə sabitlik əhəmiyyət kəsb edir:
"İkinci əsas məsələ isə prosedur şəffaflığı və icazələrin sadəliyinin vacibliyidir. Yəni bir pəncərə prinsipi ilə bütün icazələrin vahid platformadan alınması lazımdır. Bunun üçün müxtəlif dövlət qurumlarının razılıqlarını vahid icazə portalında birləşdirməyə ehtiyac var".
Ekspert digər təkliflərini də verib:
"Həmçinin, hüquqi mübahisələrdə mexanizminin sadələşdirilməsi də vacib faktordur. Bundan başqa, turizm sahəsində investorlar üçün vergi güzəştləri olmalıdır. Ayrılan əraziyə görə 10 ilə yaxın bir müddətdə torpaq vergisindən, bir neçə il gəlir vergisindən azad olunmasının məqbul olacağını düşünürəm".
O fikirlərinə belə davam edib:
"Turizm sektorunda daxili və xarici investorların aktivliyini artırmaq, regionlarda yeni turizm obyektlərinin otel, istirahət mərkəzi, termal və ekoturizm layihələrinin yaradılmasını stimullaşdırmaq, eləcə də dayanıqlı turizm iqtisadiyyatı formalaşdırmaq daha yaxşı olar.
Bundan əlavə, dövlət və kommersiya bankları vasitəsilə 5-10 il müddətinə 3-5 faizlə turizm kreditlərinin verilməsinin faydalı olacağı qənaətindəyəm. Hesab edirəm ki, kreditlərdə ilk 2 il ərzində ödəniş tələbi olmasa turizm sahəsinə investisiya yatırımlarına ciddi dəstək olar".
Pərviz