Gəncədə TİKA-nın dəstəyi ilə konfrans keçirildi - FOTO

İQTİSADİYYAT
10:02 / 21.10.2025
43

Azərbaycanın ikinci böyük şəhəri Gəncə bu il beşinci dəfə keçirilən Kənd Təsərrüfatı və Qida Texnologiyaları Konfransına ev sahibliyi edib.

20–23 oktyabr 2025-ci il tarixlərində baş tutan tədbir Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi, Azərbaycan Dövlət Aqrar Universiteti və Çukurova Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Konfransda Türkiyənin Çukurova və Ege universitetləri başda olmaqla, ümumilikdə 15 ölkədən yüzlərlə alim və tədqiqatçı iştirak edib. Açılış mərasimi Gəncə Heydər Əliyev Mərkəzində keçirilib.

Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki Baş konsulu Rəcəb Öztop kənd təsərrüfatı və qida texnologiyaları sahəsində Türkiyənin həyata keçirdiyi layihələrdən bəhs edib. O, TİKA tərəfindən Gəncə və ətraf bölgələrdə icra olunan layihələrin iki ölkə arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyini vurğulayıb.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və Ege Universitetinin rektoru Nəcdət Budak çıxışlarında konfransın təşkilinə verdiyi dəstəyə görə TİKA-ya təşəkkürlərini bildiriblər.

Tədbir çərçivəsində kənd təsərrüfatında innovativ texnologiyalar, qida təhlükəsizliyi, davamlı istehsal və iqlim dəyişikliklərinə uyğunlaşma mövzularında elmi müzakirələr aparılır.

0