"Balıq ətinin bahalaşması avqust ayından başlayıb. Noyabr ayından sonra balığın qiyməti getdikcə artacaq. Buna səbəb alıcıların mal ətinə şübhə ilə yanaşmasıdır. Düşünürlər ki, xəstə heyvanların əti satıla bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli balığın qiymətinin artmasının səbəblərindən danışarkən deyib.
Onun sözlərinə görə, dabaq xəstəliyinin geniş yayılmasından sonra alıcılar toyuq və balıq ətinə üstünlük verirlər:
"Amma ümumilikdə balığın qiymətinin qalxması yalnız bu xəstəliyin yayılması ilə bağlı deyil. Avqust ayında heyvanlarda dabaq xəstəliyinin yayılacağı ilə bağlı heç bir rəsmi məlumat yox idi. Düzdür, biz bununla bağlı məlumat verirdik, amma geniş ictimaiyyət xəbardar deyildi”.
Vahid Məhərrəmli hesab edir ki, balıq ətinin qiymətinin artmasına səbəb həm də xərclərin artması və eyni zamanda istehsalın azalmasıdır:
"Ötən ayda balığın qiymətinin artmasını hökumət də fiksə edib. Məsələn, hisə verilmiş skumbriyanın bir kilosunun qiyməti marketlərdə 22 manatdır. 2-3 il bundan əvvəl həmin balığın 1 kilosunun qiyməti 7-8 manat idi. Son vaxtlar isə 11-13 manat idisə, birdən-birə qiymətlər görün nə qədər atıb”.
Vahid Məhərrəmli balıqçılıq sahəsində də inhisarçılığın olduğunu vurğulayıb:
"İmkan verilmir, göllər ələ keçirilib, su vermirlər, digərlərinə də imkan vermirlər. Söhbət göl balığından gedir, Xəzərdə də balığın sayı kəskin şəkildə azalacaq”.
Qeyd edək ki, bazarlarda balıq bahalaşıb. Son günlərdə balığın 2-3 manat bahalaşdığı müşahidə edilir.


