Yolun ortasında alışıb yanan avtobuslar - Səbəb nədir?

İQTİSADİYYAT
10:37 / 30.10.2025
66

Son vaxtlar ictimai nəqliyyatda avtobusların yanması halları tez-tez müşahidə olunur. Bu vəziyyət həm sərnişinləri, həm də daşımaları həyata keçirən şirkətləri ciddi şəkildə narahat edir. Ümumiyyətlə, avtobusların yanmasına səbəb olan amillər nələrdir? 

Nəqliyyat eksperti Eldəniz Cəfər Valyuta.az-a bildirib ki, köhnə avtobusların yanmasının əsas səbəbi adətən naqil sistemindəki nasazlıqlardır: “Köhnə avtomobillər və avtobuslarda alışma baş verdikdə, bu, əsasən köhnəlmiş naqil sistemindəki çatışmazlıqlarla bağlı olur. Bəzən mühərrik hissəsinə yad cismin düşməsi və ya yanacaq sızması da alışmaya səbəb ola bilər. Yeni avtomobillərdə isə aparılan araşdırmalar göstərir ki, bəzi hallarda istehsalçının nəzərdə tutmadığı, uyğunlaşmayan elektrik cihazları quraşdırılır və bu da yanğına gətirib çıxarır. Avtobuslarda da adətən bu səbəblərdən yanma halları baş verə bilər". 

Ekspertin sözlərinə görə, hazırda ictimai nəqliyyatda istifadə olunan avtobusların böyük hissəsinin yenilənməsinə ciddi ehtiyac var: “Bu istiqamətdə artıq müəyyən tələblər qoyulub. Daşıyıcı şirkətlər qarşısında öhdəlik var ki, köhnə avtobuslar mərhələli şəkildə dövriyyədən çıxarılsın və onların yerinə daha təhlükəsiz, müasir sərnişin daşımaya uyğun nəqliyyat vasitələri gətirilsin”.

Eldəniz Cəfərovun fikrincə, 2026-cı ildən etibarən köhnə avtobuslar Bakı şəhərində dövriyyədən çıxarılacaq.

 “Avtobusun yanması şirkət üçün təbii ki, maddi zərər yaradır, bu zərərin miqdarı, əsasən, həmin avtobusun dəyərindən asılıdır", - deyə o qeyd edib.

0