Bu tarixdən Bakıda mənzillər bahalaşacaq

İQTİSADİYYAT
23:52 / 06.11.2025
36

Oktyabr ayında Bakıda mənzil bazarında qiymətlər stabil olaraq qalıb.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

O bildirib ki, mənzil bazarında ciddi bir dəyişiklik qeydə alınmayıb və hətta bazarda bir qədər baha qiymətə təklif olunan mənzillər ucuzlaşıb: “Bəzi əmlaklar var idi ki, baha qiymətə təklif olunurdu. Misal üçün, 150-160 min manatlıq evlər indi 135-140 min manata təklif olunur. Əvvəllər, yəni sentyabr-oktyabr aylarında həmin əmlaklar bir qədər baha qiymətə qoyulmuşdu. İndi onların qiyməti real qiymətlərə uyğunlaşdırılıb, çünki süni şişirdilmiş qiymətlər idi və sonradan o qiymətə mənzili alıcısının olmadığını görüb endirim tətbiq ediblər”.

Ekspertin fikrincə, müəyyən dövrlərdə bazarda qiymət artımından sonra stabillik höküm sürür: “Qiymətlər qalxır, sonra stabillik höküm sürür. Hazırda qiymətlərin artımına təsir göstərən ciddi faktor yoxdur”.

R.Qasımzadə bildirib ki, növbəti ilin əvvəlindən dövlət ipotekasının verilməsi mənzil bazarında qiymətlərə təsir göstərəcək: “İpoteka bazara bir impuls verir və təsir göstərir. Çünki bazara mənzil axtaran kütlə daxil olur. Yəni bazara birdən-birə minlərlə alıcı daxil olur. Belə halda adətən bazarda təklif yetəri qədər olmur. Amma bu il yetəri qədər təklif var”.

Qeyd edək ki, 2026-cı ildə Azərbaycanın dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün 85 milyon manat, sahibkarların banklardan manatla aldığı (2018-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək olan dövr) kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün isə 15 milyon manat vəsait nəzərdə tutulub. Beləliklə, Fond gələn il büdcədən 100 milyon manat alacaq.

0