Hazırda nağdsız ödənişlərin geniş vüsət alması kağız pulların gündəlik istifadəsini xeyli azaldıb. Mobil ödəniş sistemləri və kartla alış-veriş imkanlarının artması nəticəsində insanlar getdikcə daha çox elektron ödənişlərə üstünlük verirlər. Bu isə kağız pullara marağın azalmasına və onların tədricən dövriyyədən çıxmasına zəmin yaradır.
Məsələ ilə bağlı iqtisadçı Eldəniz Əmirov Milli.Az-a açıqlamasında bildirib ki, pullar zamanla tamamilə aradan çıxacaq. Bu, sadəcə vaxt məsələsidir. Bəzi ölkələrdə daha tez, digərlərində bir qədər gec baş verəcək, amma bir gün kağız pul tamamilə tarixə qovuşacaq.
Bunun həm müsbət, həm də mənfi tərəflərinin olduğunu deyən iqtisadçının sözlərinə görə, hazırki mərhələdə kağız puldan imtinanın əsas müsbət tərəfi odur ki, nağdsiz ödənişlər artır:
"Nağdsiz ödənişlərin çoxalması isə kölgə iqtisadiyyatının azalması, maliyyə planlamasının daha dəqiq aparılması, həmçinin fiziki pul itkisi risklərinin aradan qalxması deməkdir".
Amma mənfi tərəflər danışan E.Əmirov hesab edir ki, bu mənfi tərəflər xüsusilə fərdlər üçün daha çox hiss olunur.
Vurğulayıb ki, birinci mənfi məqam psixoloji təsirdir. İnsanlar nağdsiz ödəniş edəndə, pulun onlardan çıxmasını real olaraq hiss etmirlər:
"Amma nağd vəsaiti əlində verəndə psixoloji olaraq "itki hissi" yaşayırlar ki, bu da onları daha qənaətcil davranmağa sövq edir. Nağdsiz ödənişlərdə isə bu nəzarət zəifləyir".
İqtisadçının fikrincə ikinci mühüm məsələ məxfilikdir. İzah edib ki, nağdsiz ödənişlərdə hər əməliyyat izlənilir və qeydiyyata düşür. Nağd ödənişlərdə isə vətəndaşın hara və nə qədər xərclədiyi barədə məlumat demək olar ki, yoxdur:
"Əlbəttə, böyük məbləğlərdən söhbət gedirsə, onların da nağd şəkildə dövr etməsi qanunvericiliklə məhdudlaşdırılır və müəyyən həddən sonra nağdsiz ödəniş məcburi xarakter alır. Bu isə dövlət üçün başadüşüləndir. İqtisadi statistikanın dəqiqləşdirilməsi və kölgə iqtisadiyyatının nəzarətə alınması baxımından vacibdir".
Son olaraq bildirib ki, nağdsiz ödənişlərin artması və kağız pulların tarixə qovuşması qaçılmaz reallıqdır və bunu qəbul etmək lazımdır:
"Sadəcə olaraq vətəndaş psixoloji olaraq başa düşməlidir ki, nağdsiz ödəsə belə, bu yenə də onun öz vəsaitidir. İnsanın beyninin bunu qəbul etməsi vacibdir ki, maliyyə davranışlarında səhvlərə yol verməsin".


