Azərbaycanda siqaretin bahalaşacağı gözlənilir

İQTİSADİYYAT
17:23 / 11.12.2025
38

Aidiyyəti qurumlar tərəfindən aparılan müzakirələr nəticəsində tütündən hazırlanan siqaretlərə alternativ olan digər tütün məmulatları üzrə də aksiz vergilərinin artırılmasına dair təkliflər hazırlanıb. Bu məsələ bir neçə gün əvvəl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin plenar iclasında müzakirə edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov iclasda çıxış edərək bildirib ki, yerli istehsala əsaslanan və idxal olunan ənənəvi siqaretlər üzrə aksiz dərəcələrinin artırılması, tamamilə idxaldan asılı olan və aksiz dərəcələri nisbətən aşağı olan alternativ tütün məmulatlarının istifadəsinin artmasına səbəb ola bilərdi. Onun sözlərinə görə, bununla yanaşı minimal qiymətlər səbəbindən bu məhsulların bazar payı da sürətlə yüksələ bilərdi.

“Məhz buna görə tütün məmulatları bazarının həmin seqmenti üzrə aksiz dərəcələrinə yenidən baxılması zərurəti yaranıb”, - deyə komitə sədri vurğulayıb.

Mövzu ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, Azərbaycanda, eləcə də bir çox digər ölkələrdə, xüsusən Avropa Birliyində tətbiq olunan müzakirə olunan bu yanaşmaya üstünlük verilir.

“Burada məqsəd təkcə siqaret deyil, bütün tütün məmulatlarının vergilərini və aksiz dərəcələrini artırmaq yolu ilə insanları bu zərərli vərdişdən uzaqlaşdırmaqdır. Amma bu addım həmişə gözlənilən effekt verirmi? Təbii ki, yox. Bununla belə, istənilən halda tütün məhsullarına qoyulan vergi və aksizlərin artması qiymətlərin artımı ilə nəticələnir. Bu, başqa cür mümkün də deyil. Yəni aksiz dərəcələri artırsa, bu avtomatik şəkildə məhsulun son qiymətinin üzərinə gəlir”.

Saytımıza açıqlamasında iqtisadçı Eldəniz Əmirov da aksiz vergisinin artırılmasının tütün məhsullarından istifadə edənlərin sayının azalmasına ciddi təsir göstərdiyini təsdiqləyib:

“Oxucuların bir hissəsi bunu qəbul etməsə də, BMT-nin və Dövlət Statistika Komitəsinin rəsmi məlumatları göstərir ki, ölkəmizdə hər il siqaretdən və digər tütün məmulatlarından istifadə edənlərin sayı azalır. Qiymət artımı isə bu azalmanı daha da sürətləndirir”,- deyə o, söyləyib.

İqtisadçı həmçinin spirtli içkilər və tütün məmulatları istisna olmaqla, istənilən ödənişin, verginin, gömrük rüsumunun, habelə kommunal xərclərin və ya digər tənzimlənən qiymətlərin artımını müsbət qarşılamadığını da diqqətə çatdırıb:

“Amma siqaret və spirtli içkilərlə bağlı qiymət artımlarını dəstəkləyirəm. Çünki bu artımlar nəticəsində həmin zərərli məhsullardan istifadə edənlərin sayı azalır. Oxucuların bəziləri bunu inkar etsə də, geniş araşdırma aparan hər kəs görər ki, qiymət artımı mütləq şəkildə insanların bir qismini bu vərdişdən əl çəkməyə vadar edir”,- deyə E.Əmirov bildirib.

0