“Ailə vəzifələri olan işçilərlə əmək müqaviləsinə xitam verilməsinə görə cinayət məsuliyyəti müəyyən edilməlidir”.
Bu təkliflə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin ötən iclasında deyib.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananin təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Hit.az-a şərhində bildirib ki, Əmək Məcəlləsində ailə vəzifələrinə görə işçilərlə bağlı yeni maddələr əlavə edilib:
“Həmin maddələrin izahı təffərrüatı ilə ictimaiyyətə açıqlanmalıdır.
“Ailə vəzifələri” deyiləndə bir çox anlayış özünü ehtiva edir. Bunlardan biri tək uşaqlı ailələrə aiddir. Həmçinin, bir və ya iki valideynin olmaması, eyni zamanda, məhkəmənin qərarı ilə uşağı himayəsinə götürən şəxslər və digər hallar nəzərdə tutulur. Fiziki məhdudiyyətli, əlilliyi olan uşaqlara, valideynlərə baxan şəxslər də ailə vəzifələri olan işçilər kateqoriyasına daxildir. Əlbəttə bunlar həssas kateqoriyaya sayılır. Bu səbəbdən də qeyd etdiyim şəxslərin əmək müqaviləsinə xitam verilərkən ehtiyatlı olmaq lazımdır”.
Həmsöhbətimiz onu da əlavə edib ki, hazırda Azərbaycan ailələri ilə bağlı müəyyən problemlər var:
“Hazırda demoqrafik problemlərin yaşandığı hər kəsə bəllidir. Ötən illərlə müqayisədə ailələr daha çox tək uşağa üstünlük verir. Bununla yanaşı, boşanmaların sayı da artır. Hazırda ölkəmizdə boşanma 60 faiz səviyyəsindədir. Əhalinin artımı ilə istiqamətində problemlər yaşanır. Hesab edirəm ki, dövlətin bu sahəyə xüsusi qayğısı olmalıdır. Ailə dəyərlərinin inkişafı ilə bağlı işlər görülməlidir. Uşaqlarla bağlı müavinətlərə yenidən baxılmalıdır. Həmçinin, ailə krizis mərkəzləri də yaradılmalıdır. Ailə vəzifələri olan şəxslərlə bağlı imtiyazlar artırılmalıdır”.
Sevinc


