Hazırda əmlak bazarında çoxmərtəbəli binaların idarə olunması iki yolla aparılır. Birincisi binanı tikən MTK, ikincisi isə Mənzil İstismar Sahələri tərəfindən.
MİS-lər əsasən ötən əsrdə istismara verilmiş binalara xidmət edir.
Baxmayaraq ki, Mənzil Məcəlləsində MİS-lərin fəaliyyəti ilə bağlı heç bir əsasnamə yoxdur. Qanunvericiliyə görə 2 və daha çox mənzildən ibarət bina çoxmənzilli bina sayılır və həmin bina özünüidarə təşkilatları tərəfindən idarə olunmalıdır. Lakin bu sistem faktiki olaraq işləmədiyi üçün MİS-lər hələ də fəaliyyətini davam etdirir.
Hazırda MİS-lərin əsas funksiyası yalnız təmizlik xidməti ilə məhdudlaşır. Yəni yaşayış ərazilərinin təmizlənməsi, bina girişlərinin və blokların səliqəyə salınması və məişət tullantılarının daşınması və s.
Nümunə üçün deyək ki, ümumi sahəsi 88 kv.metr, yaşayış sahəsi 53 kvadratmetr olan özəlləşdirilmiş mənzil üçün ev pulu illik 12,72 manat təşkil edir (53 kvadratmetr х 0,02 х 12 ay).
Eyni zamanda ümumi sahəsi 60 kvadratmetr metr, yaşayış sahəsi isə 38 kvadratmetr olan özəlləşdirilmiş yarızirzəmi mənzilin sahibi isə 38 kvadratmetr х 0,01 х 12 ay= 4,56 manat ödəniş etməlidir.
MTK-ların idarə etdiyi binalarda isə xidmət haqqı binanın yerləşdiyi ərazidən asılı olaraq 150-500 manat arasında dəyişir.
Görünən odur ki, MİS-lərin xidmət haqqı MTK-ların xidmət haqqından qat-qat aşağıdır. Ona görə də növbəti ildən MİS-lərin balansında olan binaların xidmət haqlarının bahalaşacağı haqqında söhbətlər gəzir.
Bəs bahalaşma gözlənilirmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, dövlət balansında olan binaların istismar xərclərinin artırılması ilə bağlı hər hansı bir məlumat yoxdur:
"Eyni zamanda, mövcud tariflərin artırılması məsələsi də hələlik müzakirə mövzusu deyil. Ən azından 2026-cı ilin birinci rübündə bu sahədə hər hansı bir qiymət artımı gözlənilmir. İlin ortasında isə hansısa yenilik baş verərsə, belə bir addım atıla bilər”.


