Kredit kartlarından pul çıxmalar vətəndaşlarda narazılıq yaradır. Sosial şəbəkədə məlumat paylaşan İnfoqram.az saytının baş redaktoru Əlizadə Emin feysbuk hesabında bu barədə yazıb: “Yoldaşımın kredit kartından işsizlik üçün sığorta pulu çıxdılar. 10 manat. 1 manat da kibertəhlükəsizlik vergisi”.
O, həyat yoldaşının hazırda heç bir yerdə işləmədiyini xatırladıb. İşsizliyə görə işsiz şəxsdən vergi tutulması təəccüb doğurub və sosial şəbəkə istifadəçiləri baş vermiş hadisəyə aydınlıq gətirməyə çalışsalar da, bir nəticə hasil olmayıb.
İqtisadçı Rauf Qarayev Sherg.az-a deyib ki, vətəndaşların kartlarından vəsaitin çıxılması yalnız razılıq əsasında ola bilər. Lakin yenə də vətəndaşdan xəbərsiz pultutmaların baş verdiyinə şahid oluruq: “Bank hər hansı komissiya məbləği, yaxud sığorta və ya xidmət haqqı tutursa, bununla bağlı vətəndaşa bildiriş göndərməlidir. Bankdan kredit kartı alan şəxslə bank arasında bağlanmış müqavilədə qeyd olunubsa ki, nəyəsə görə komissiya tutulacaq, hətta bu halda da vətəndaşa əvvəlcədən xəbərdarlıq bildirişi gəlməlidir. Müqavilələrdə qeyd olunur, nəyə görə komissiya haqqı tutulacaq. Amma yenə də kartdan vəsait çıxılmadan öncə bildiriş olmalıdır”.
Qeyd edək ki, işsizlikdən sığorta tarifləri 30 iyun 2017-cı il tarixli, “İşsizlikdən sığorta haqqında” qanunla tənzimlənir.
Əslində, bu məsələnin hüquqi və sosial aspektləri həm fərdi vətəndaşların, həm də ümumilikdə cəmiyyətin hüquq müdafiəsi baxımından əhəmiyyət kəsb edir. Vətəndaşın razılığı olmadan, xüsusilə bankın müqavilə şərtlərində yer almayan xidmət haqları, vergi və ya digər ödənişlər adı altında vəsaitin çıxarılması ciddi hüquq pozuntusu sayıla bilər. Bu kimi hallar bankların etibarını zədələyir və müştəri hüquqlarının qorunmaması ilə bağlı ictimai narazılığa səbəb olur. Banklar və digər maliyyə qurumları üçün müştərilərin hüquqlarına hörmət, yalnız hüquqi öhdəlik deyil, həm də sosial məsuliyyətdir. Müştəri ilə münasibətlərin qurulmasında şəffaflıq və etibarlılıq vacibdir. Belə halların təkrarlanması yalnız hüquq pozuntularına yol açmaqla qalmır, eyni zamanda bankın ictimai imicini də zədələyir.
Bundan əlavə, bankların müştəriləri məlumatlandırmaq üçün daha çox vasitə istifadə etməsi vacibdir. Bu, yalnız hüquqi məsuliyyət deyil, həm də bankın müştəri etibarını qorumağa yönəlmiş strategiyadır. Ödənişlərin və çıxarışların səbəbi barədə müştərilərə izahat vermək onların hüquqlarını qorumağa yönəlmiş mühüm addımdır.
Hüquqşünas Polad Mehdiyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, banklar tərəfindən vətəndaşların debet yaxud kredit kartlarından onların açıq şəkildə razılığı olmadan hər hansı vəsaitin çıxarılması yolverilməzdir: “Azərbaycan qanunvericiliyinə görə, bank- müştəri münasibətləri müqavilə əsasında formalaşır. Kartdan hər hansı vəsaitin silinməsi iki halda mümkün ola bilər: vətəndaş öncədən məlumatlandırıldıqda; vətəndaşın üzərində hər hansı öhdəlik olduqda. Bu hallardan kənar vəsaitin çıxarılması hüquq pozuntusu hesab olunur. Bank vergi tuta bilməz, yalnız xidmət haqqı tuta bilər, lakin bununla bağlı vətəndaşlara öncədən aydın məlumat verilməlidir. Vəsaitin məbləği, mənbəyi və hüquqi əsası barədə izahat təqdim olunmalıdır. Bildirişsiz, izahatsız silinmələr istehlakçı hüquqlarının pozulmasıdır. Əksər hallarda isə banklar pul çıxararkən yaxud hər hansı xidmətdən istifadə edərkən komissiya xərclərini göstərirlər”.


