2026-cı ildə devalvasiya riski gözlənilir? -PROQNOZ

İQTİSADİYYAT
23:53 / 27.12.2025
39

2025-ci ilin dekabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,38 bənd təşkil edib. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu göstərici cari ilin noyabrın 1-i ilə müqayisədə 0,07 bənd və ya 2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,19 bənd və ya 5,3% azalıb. Bununla yanaşı, bankların dollar alışında müəyyən artım müşahidə edilir.

Bu kontekstdə, belə bir sual meydana çıxır: mövcud tendensiyalar fonunda 2026-cı ildə devalvasiya riski gözlənilirmi?

Modern.az-a açıqlamasında növbəti ilin devalvasiya riskini şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, manatın məzənnəsinə təsir edən əsas amillərdən biri tədiyyə balansının vəziyyətidir.

“Tədiyyə balansında müsbət saldonun əldə edilməsi bütövlükdə makroiqtisadi sabitlik baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Mərkəzi Bank məzənnə siyasəti ilə bağlı qərarlar qəbul edərkən tədiyyə balansının durumu, ölkəyə daxil olan valyutanın həcmi, valyuta bazarında tələb və təklif kimi əsas faktorları nəzərə alır”.

Deputat 2026-cı il üçün gözləntilərinə nəzər salaraq vurğulayıb ki, dünya bazarlarında dolların səbət valyutalara nisbətdə məzənnəsində möhkəmlənmə müşahidə oluna bilər:

“Bu isə əsasən ABŞ iqtisadiyyatında nisbi sabitliyin qorunub saxlanılması ilə bağlıdır. Bütün bu proseslərin manata təsirinə gəldikdə isə qeyd etmək lazımdır ki, Azərbaycanda üzən valyuta rejimi tətbiq edilmir. Ölkə tənzimlənən və ya faktiki olaraq sabit məzənnə rejimi tətbiq edən dövlətlər sırasındadır”.

V.Bayramov onu da əlavə edib ki, 2026-cı ildə manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq:

“Mərkəzi Bankın qəbul etdiyi qərarlar məzənnə siyasətində həlledici rolunu qoruyub saxlayacaq. Növbəti ildə də Mərkəzi Bankın mövqeyi manatın məzənnəsinə təsir göstərən əsas faktor olaraq qalacaq.

Gözlənilir ki, Mərkəzi Bank qərar qəbul edərkən tədiyyə balansının vəziyyətini, neftin dünya bazarındakı qiymətini, eləcə də ölkəyə daxil olan valyuta axınlarının həcmini əsas meyarlar kimi nəzərə alacaq. Bu kontekstdə 2026-cı ildə də Mərkəzi Bankın mövqeyi manatın məzənnəsinin formalaşmasında həlledici rol oynamağa davam edəcək”,- deyə deputat fikrini tamamlayıb.

0