Azərbaycan hökuməti yerli icra hakimiyyəti başçılarının tabeliyində fəaliyyət göstərən mənzil-kommunal təsərrüfatı müəssisələrinin işini təkmilləşdirmək məqsədilə yeni təşəbbüs irəli sürüb. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, mövcud Mənzil İstismar Sahələrinin (MİS) bazasında Vahid Mənzil-Kommunal Təsərrüfatı müəssisəsi – Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaradılacaq. Qərar cəmiyyətdə MİS-lərin taleyi ilə bağlı suallar doğurub. Bəs bu addım MİS-lərin ləğvi kimi qiymətləndirilə bilərmi?
Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, yeni qərar MİS-lərin ləğvi mənasına gəlməməlidir: "Kommunal təsərrüfat müəssisələri MİS-lərin bazasında yaradılır. Növbəti mərhələdə MİS-lərə ehtiyacın olub-olmadığı məsələsi aydınlaşacaq. Hazırkı mərhələdə söhbət onların ləğvindən deyil, məhz bazasında yeni müəssisələrin yaradılması prosesinə start verilməsindən gedir. MİS-lərin bazasında vahid mənzil-kommunal təsərrüfatı müəssisələrinin yaradılmasında əsas məqsəd bu sahədə idarəetmənin vahidləşdirilməsi və sistemləşdirilməsidir. Bu dəyişiklik mənzil-kommunal təsərrüfatı sahəsində aparılan islahatların bir mərhələsi kimi qiymətləndirilməlidir. Vahid MMC-nin yaradılmasında əsas hədəf idarəetmənin çevikliyini artırmaq, qərarların daha operativ və şəffaf şəkildə qəbul olunmasına nail olmaqdır. Hazırda MİS-lər təsərrüfat hesablı qurumlar kimi fəaliyyət göstərir. Təsərrüfat hesablı olduqları üçün onların maliyyə mənbələri əsasən özlərinin əldə etdiyi gəlirlər hesabına formalaşır”.
V.Bayramovun fikrincə, qəbul edilən qərar mülkiyyət hüquqlarına təsir göstərmir: "Belə ki, praktik olaraq MİS-lərin balansında olan əmlak bundan sonra da təsərrüfat müəssisəsi tərəfindən idarə olunacaq. Əmlak balansda qaldığı üçün mülkiyyətin transferi ilə bağlı hər hansı risk yaranmır. Bu baxımdan, mülkiyyət hüquqları ilə əlaqədar problem gözlənilmir. Bu addım yerli idarəetmə sahəsində aparılan islahatlardan biridir. Ümumilikdə isə gözlənilir ki, 2026-cı ildə yerli idarəetmə sistemində kifayət qədər genişmiqyaslı islahatların həyata keçirilməsini müşahidə edəcəyik”.
Hüquqşünas Arif Nəzərov isə düşünür ki, bu yenilik zəruri idi: "Azərbaycanda aparılan köklü islahatlar bütün sahələrdə olduğu kimi mənzil-kommunal təsərrüfatı sahəsində də mütərəqqi idarəetmə sisteminin tətbiqini qaçılmaz edir. Hazırkı dövrədək bu istiqamətdə xidmətlərin göstərilməsi yerli icra hakimiyyəti orqanlarının tabeliyində fəaliyyət göstərən müxtəlif qurumlar tərəfindən həyata keçirilib. Lakin həmin qurumların inzibati strukturlar kimi fəaliyyət göstərməsi bazar iqtisadiyyatının tələbləri baxımından qeyri-səmərəli hesab olunur. Bu baxımdan Nazirlər Kabinetinin "Yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 22 dekabr 2025-ci il tarixli 408 nömrəli qərarı mənzil-kommunal təsərrüfatı qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi və mövcud iqtisadi münasibətlərə uyğunlaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir”.
A.Nəzərov bildirdi ki, mənzil istismar sahələri yeni yaradılan müəssisələrin tərkibində fəaliyyət göstərəcək: "Belə ki, əvvəlki qaydada mövcud olan Mənzil-Kommunal Təsərrüfatı Birlikləri çərçivəsində yaradılmış mənzil istismar sahələri yeni strukturun tərkibinə daxil ediləcək. Qərara əsasən, yerli icra hakimiyyəti orqanlarının tabeliyində məhdud məsuliyyətli cəmiyyət formasında yaradılacaq mənzil-kommunal təsərrüfatı müəssisələrinin fəaliyyət istiqamətləri mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsi üzrə xidmətlərin göstərilməsini, istehsalat və məişət tullantılarının yığılmasını, daşınmasını, yaşayış məntəqələrinin abadlaşdırılması və yaşıllaşdırılmasını, eləcə də işıqlandırma işlərinin həyata keçirilməsini əhatə edəcək”.
Hüquqşünas qeyd edib ki, Mənzil-Kommunal Təsərrüfatı Müəssisələrinin yaradılması indiyədək mövcud olan resurslardan, o cümlədən kadr potensialından daha səmərəli istifadə olunmasına şərait yaradacaq: "Mənzil-kommunal təsərrüfatı sahəsində xidmət göstərən qurumların balansında olan əmlakın məqsədli və təyinatına uyğun istifadəsi bu istiqamətdə effektivliyi artıracaq. Eyni zamanda, illər ərzində formalaşmış təcrübəli kadr potensialı mənzil-kommunal təsərrüfatı sahəsində xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək. Bununla yanaşı, yeni müəssisələrin təsis edilməsi Mənzil Məcəlləsinin tələbləri baxımından da təqdirəlayiq hesab edilir. Belə ki, həmin müəssisələrin müqavilə əsasında çoxmənzilli binaların idarəetmə prosesinə cəlb olunması mülkiyyətçilərə məxsus ümumi əmlakın qorunub saxlanmasına və düzgün istismarına müsbət təsir göstərəcək”.
Arif Nəzərov bildirib ki, sözügedən müəssisələrin fəaliyyətə başlaması maliyyə intizamının və şəffaflığın təmin olunması baxımından da vacib addım kimi qiymətləndirilməlidir: "Müxtəlif mənbələrdən daxil olan gəlirlərin dəqiq uçotu və planlı şəkildə xərclənməsi mənzil-kommunal xidmətlərin fasiləsizliyinə zəmanət yaradır. Nəticədə müvafiq infrastrukturun, əmlakın saxlanılması və yenilənməsi üçün zəruri maliyyə bazası formalaşır. Gəlir və xərclər barədə açıq, əlçatan məlumatların təqdim edilməsi mənzil-kommunal xidmətlərindən istifadə edənlərin prosesləri izləməsinə imkan verir. Tariflərin formalaşma mexanizmi və yığılan vəsaitlərin hansı istiqamətlərə xərcləndiyi aydın olduqda, əhali ödənişlərə daha məsuliyyətlə yanaşır ki, bu da ödəniş intizamının yüksəlməsinə müsbət təsir göstərir”.
Hüquqşünasın sözlərinə görə, mənzil-kommunal təsərrüfatı sahəsində aparılan islahatlar kompleks və davamlı xarakter daşımalıdır. İdarəetmə, maliyyə, infrastruktur və institusional dəyişikliklərin uzlaşdırılmış şəkildə həyata keçirilməsi əhaliyə göstərilən mənzil-kommunal xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, sahənin rəqabətqabiliyyətli və dayanıqlı inkişafına zəmin yaradacaq.
Mənbə: "Kaspi" qəzeti

