Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı təsdiq edilib.
HİT.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirəcək və icrasına nəzarət edəcək, eləcə də tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verəcək.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilmə mexanizmlərinə uyğun olaraq hər il dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması, eləcə də digər mənbələrdən vəsaitlərin cəlb edilməsi istiqamətində müvafiq tədbirlər görəcəklər.


