Gəncə və Şəmkirdə Qərb Sənaye Parkı yaradılır

İQTİSADİYYAT
13:11 / 15.01.2026
50

Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişafı və regionlarda iqtisadi fəallığın artırılması məqsədilə Gəncə şəhəri və Şəmkir rayonu ərazisində Qərb Sənaye Parkı yaradılır.

HİT.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. 

Fərmanda qeyd olunur ki, sənaye parkının yaradılmasında əsas məqsəd sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara və yerli resurslara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, həmçinin məşğulluğun artırılmasıdır.

Qərb Sənaye Parkının fəaliyyəti İqtisadiyyat Nazirliyinin tabeliyində olan İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən təşkil ediləcək, idarə olunacaq və inkişaf etdiriləcək.

Sənaye parkının fəaliyyətinin təşkili və infrastrukturun yaradılması üçün 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat vəsait ayrılıb. Bu vəsait layihələndirmə işlərinin həyata keçirilməsinə yönəldiləcək.

Nazirlər Kabinetinə üç ay müddətində Gəncə şəhərində Yevlax şosesində yerləşən və hazırda “Azəralüminium” MMC-nin istifadəsində olan 81,8 hektar dövlət torpaq sahəsinin, həmçinin Şəmkir rayonunun Könüllü kəndi ərazisində yerləşən 100 hektar bələdiyyə torpağının Qərb Sənaye Parkının fəaliyyətinə cəlb olunması ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb.

İqtisadiyyat Nazirliyi isə iki ay müddətində sənaye parkında istehsal və emal olunacaq məhsullar, eləcə də göstəriləcək xidmətlər üzrə prioritet istiqamətləri müəyyən edərək Prezidentə təqdim etməlidir. Nazirlik, eyni zamanda, park ərazisində bütün xarici və daxili infrastrukturun yaradılması üçün Agentliyə dəstək göstərəcək.

Fərmana əsasən, Maliyyə Nazirliyi ayrılmış vəsaitin maliyyələşdirilməsini təmin edəcək.

0