Taksi qiymətinə avtobuslar, bəs xidmətin keyfiyyəti?

İQTİSADİYYAT
19:55 / 17.01.2026
51

Son dövrlər Bakıda və ətraf ərazilərdə ictimai nəqliyyatda gediş haqlarının ardıcıl şəkildə artırılması sərnişinlərin ciddi narazılığına səbəb olur. Xüsusilə də bu artımların xidmət keyfiyyətində hər hansı real dəyişikliklə müşayiət olunmaması ictimai qınağı daha da gücləndirir.

Belə ki, yanvarın 17-dən etibarən Bakı–Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspress marşrutlarda gediş haqqı 10 qəpik artırılaraq 90 qəpik müəyyən edilib. Rəsmi izahlar müxtəlif olsa da, sərnişinlərin gündəlik müşahidələri göstərir ki, qiymət artımı nə interval problemlərini aradan qaldırıb, nə də rahatlığı artırıb.
Sakinlərin sözlərinə görə, avtobuslar əvvəlki kimi uzun fasilələrlə gəlir, dayanacaqlarda gözləmə müddəti azalmayıb. Xüsusilə pik saatlarda sıxlıq problemi qalmaqdadır. Soyuq və yağışlı havalarda isə bu vəziyyət sərnişinlər üçün daha ciddi narahatlıq yaradır.

Maraqlıdır ki, bəzi marşrutlarda gediş haqqı artıq manatlıq taksi qiymətləri ilə eyni səviyyəyə çatıb. Bu da haqlı suallar doğurur: əgər qiymətlər artırılırsa, niyə xidmət keyfiyyəti dəyişmir? Niyə sərnişin hələ də vaxt itirir, sıxlıq və qeyri-müəyyən interval problemi ilə üz-üzə qalır?

Sərnişinlər hesab edirlər ki, tarif artımları onların gündəlik xərclərini artırsa da, qarşılığında daha komfortlu, vaxtında və təhlükəsiz nəqliyyat xidməti təqdim olunmur. Bu isə ictimai nəqliyyata olan etimadı zəiflədir və insanları alternativ vasitələrə yönəldir.

Mövzu ilə bağlı Musavat.com-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib ki, Bakı-Sumqayıt yolunda rəsmi qaydada ən azı 3 marşrut fəaliyyət göstərir. O, bildirib ki, bu marşrutlardan biri ekspress marşrut xəttidir: “Bu xətdə dayanacaq sayı az olduğu üçün daha sürətli sərnişin daşınmasına kömək olur. Ümumilikdə son dövrlər hər iki istiqamətdə yönləndirilən avtobusların sayına baxsaq, kifayət qədər irəliləyiş əldə olunduğunu görürük. Deməzdim ki, ictimai nəqliyyatla bağlı vəziyyət idealdır və hər şey 100 faiz qaydasındadır. Bakı-Sumqayıt istiqamətində sərnişin axını çoxdur və mövcud şərtlər sərnişin tələbatını tam qarşılamır. Buna görə də şəxsi avtomobillərlə qanunsuz taksi fəaliyyəti göstərənlər hələ də var. İctimai nəqliyyat həmin istiqamətdə nə qədər yaxşı işləyəcəksə, o qədər də qeyri-qanuni daşımaların sayı azalacaq”.

Ekspert paytaxt daxilindəki vəziyyəti də açıqlayıb: “Bakı daxilində də dəyişikliklər var. 2025-ci ildə ölkəmizə xeyli sayda avtobus gətirildi. Bu yaxınlarda daha 200 avtobusun gətirilməsi nəzərdə tutulur. Onlardan 200-ü dövlət xətti ilə gətirilirsə, ən azı digər 200-ü isə özəl daşıyıcı şirkətlər tərəfindən sifariş olunacaq. Daşıyıcı şirkətlər hazırda dövlətin bu istiqamətdə hansı dəstəyinin olacağını gözləyir. Dizelin qiymətinin bahalaşması bu yanacaqla işləyən daşıyıcı şirkətlərə təsir göstərir. Ən azından 10 qəpik bahalaşmanı aylıq hesablayanda milyonluq dövriyyə edir. Qazla bağlı da daşıyıcı şirkətlərin çox ciddi problemləri var. Nə “SOCAR”, nə də “Azpetrol” keyfiyyətli qazdoldurma məntəqələri qurmurlar. Dövlət bununla bağlı onların üzərinə getməlidir, tələb qoymalıdırlar. Daşıyıcı şirkətlərə dəstək üçün yeni qaz doldurma stansiyaları yaradılmalıdır. “BakuBus”ın bazasında qaz doldurma məntəqəsi var. Orada hansısa problem yaransa, Bakı şəhərində həmin gün 600 avtobus çöküb yolun ortasında qalacaq. Təsəvvür edin ki, bu, nə dərəcədə risklidir. Ona görə də bu məsələlərdə daşıyıcılara dəstək olmaq lazımdır”.

Ekspert avtobus sürücülərinin davranışından da şikayətlənib: “8 Noyabr prospektində “BakuBus”ın sürücüləri dövlətin 400-500 manata alıb gətirdiyi elektrikli avtobuslarla yarışa çıxırlar. Bunlara da nəzarət edilməlidir”.
 

0