Son dövrlərdə ölkədə bank sektorunda kredit siyasətində nəzərəçarpacaq dəyişikliklər baş verir.
Xüsusilə istehlak və biznes kreditləri üzrə faiz dərəcələrinin artması həm vətəndaşların, həm də sahibkarların diqqətini cəlb edir. Belə ki, ötən il bankların 11-17 faiz aralığında təklif etdiyi kreditlər hazırda şərtlərdən asılı olaraq minimum 18 faizdən başlayır. Faizlərin yüksəlməsi kredit götürmək istəyənlərin planlarına yenidən baxmasına səbəb olur və bazarda maliyyə yükünün artacağı ilə bağlı müzakirələri gündəmə gətirir.
Bəs kredit faizlərinin bu qədər artmasına səbəb nədir?
Mövzu ilə bağlı bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlama verib. O bildirib ki, kredit faizlərinin artmasının bir neçə səbəbi var:

"İlk olaraq deyim ki, kredit faizləri əmanət faizlərinə bağlıdır. Yəni banklar əmanət kimi həmin pulu qəbul edir sonra həmin vəsaitin üstünə faizlərini qoyaraq kredit verirlər. Kredit faizlərinin artmasına səbəb isə məhz kredit riskinin artmasıdır".
Ekspert qeyd edib ki, kredit riski isə kreditin geri qaytarılmama ehtimalının yüksək olması deməkdir:
"Statistik rəqəmlərdə problemli kreditlərin həcminin artdığını təsdiq edir. Bununla yanaşı, ölkədə müşahidə olunan qiymət artımı bank sektoruna da təsir edir. Bankın xərci artdığı üçün bu xərci kredit faizindən çıxmaq məcburiyyətində qalır".
Günel


