Son günlər ABŞ dollarının dünya bazarlarında zəifləməsi Azərbaycanda da diqqətlə izlənir.
ABŞ Prezidenti Donald Tramp dolların mövqeyinin güclü olduğunu desə də, faktiki göstəricilər avro və digər aparıcı valyutalar qarşısında dolların dəyər itirdiyini göstərir. Manatın uzun illərdir dollara bağlı olması isə cəmiyyətdə təbii sual yaradır: bu proses milli valyutaya necə təsir edəcək? Xüsusilə Avropadan idxal olunan malların və xidmətlərin payı artdıqca, dolların ucuzlaşmasının qiymətlərə və gündəlik xərclərə necə əks olunacağı daha çox maraq doğurur.
İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında bildirib ki, manatın dollara fiksasiya olunması mexanizmini sadə dillə izah etmək olar:
“Bu vəziyyəti motorlu gəmi ilə motorsuz qayığın müqayisəsi ilə anlamaq mümkündür. Motorlu gəmi dollar, motorsuz qayıq isə manatdır. Manat dollara ‘iplə bağlanıb . Dollar hansı sürətlə gedirsə, manat da eyni sürətlə onun arxasınca hərəkət edir. Dollar digər valyutalar qarşısında güclənirsə, manat da avtomatik olaraq güclənmiş kimi görünür, dollar zəifləyirsə, manat da zəifləyir”.
Ekspert xatırladıb ki, artıq 7-8 ildir manatın dollar qarşısında məzənnəsi dəyişməz qalır və 1 ABŞ dolları 1,70 manat səviyyəsində sabit saxlanılır:
“Bu o deməkdir ki, faktiki olaraq manatla dollar eyni trayektoriya üzrə hərəkət edir. Ona görə də əsas sual dolların bu il necə davranacağıdır”.
Xalid Kərimlinin fikrincə, mövcud proqnozlar dolların ucuzlaşma mərhələsinin hələ bitmədiyini göstərir:
“Dolların avro qarşısında 1,20-1,25 səviyyəsinə qədər ucuzlaşa biləcəyi ilə bağlı ciddi gözləntilər var. Bəzi analitiklər bunu ilin ortasına qədər, bəziləri isə ilin sonuna qədər mümkün sayır. Amma ümumi yanaşma ondan ibarətdir ki, 2026-cı il ərzində dollar zəifləyəcək”.
Ekspert bu prosesin əsas səbəblərindən biri kimi ABŞ administrasiyasının mövqeyini göstərib:
“Amerika hakimiyyətində dolların nisbətən ucuz olmasını istəyən yanaşma var. Bu da Federal Ehtiyat Sisteminin (FED) pul siyasətinə təzyiqlərlə müşayiət olunur. FED-in rəhbərliyində gözlənilən dəyişikliklər bazarlarda belə bir gözlənti formalaşdırıb ki, gələcəkdə faizlərin azaldılmasına daha isti münasibət olacaq. Bu isə dolların ucuzlaşmasını sürətləndirə bilər. Dollar zəiflədiyi halda manat dollara nisbətdə sabit qalsa da, digər əsas valyutalar qarşısında ucuzlaşacaq. Çünki manat dollara fiks edilib. Dollar avroya, funta, digər valyutalara qarşı dəyər itirirsə, manat da həmin valyutalara qarşı eyni istiqamətdə hərəkət edir”.
İqtisadçı qeyd edib ki, bu proses artıq statistik göstəricilərdə də əksini tapıb:
“Keçən il manatın qeyri-neft sektoru üzrə nominal effektiv məzənnəsi 5,2 faiz, real effektiv məzənnəsi isə 7,7 faiz ucuzlaşıb. Real effektiv məzənnə iqtisadiyyatın rəqabət qabiliyyətini göstərir. Bu rəqəmlər manatın ticarət tərəfdaşlarımızın valyutalarına nisbətən zəiflədiyini göstərir”.
Onun sözlərinə görə, Mərkəzi Bankın açıqlamalarına əsasən, ötən il inflyasiyanın 60-70 faizi idxal amilləri ilə bağlı olub:
“Bu da o deməkdir ki, manatın nominal effektiv məzənnəsinin ucuzlaşması inflyasiyaya ciddi təsir göstərib. Təxminən inflyasiyanın 3,5–4 faizi məhz məzənnə faktorunun payına düşür. Bu ilin də oxşar tendensiya ilə keçəcəyi gözlənilir. Dolların zəifləməsi fonunda manatın digər valyutalar qarşısında ucuzlaşması inflyasiya təzyiqlərini davam etdirəcək. Bu isə birinci növbədə əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir edir. Xüsusilə sabit gəliri olan, sosial ödənişlərlə yaşayan insanlar bu prosesdən daha çox zərər görür”.
Bununla yanaşı, Xalid Kərimli vurğulayıb ki, manatın real effektiv məzənnəsinin ucuzlaşması ixracatçılar üçün müsbət amildir:
“İxracatçılar üçün məhsulların xarici bazarlarda rəqabət qabiliyyəti artır. Bu baxımdan iqtisadiyyatın ixrac yönümlü hissəsi üçün bu proses müəyyən üstünlüklər yaradır. Hesab edirəm ki, manatın dollara fiksasiyası həm müsbət, həm də mənfi nəticələr doğurur. Müsbət tərəfi ondan ibarətdir ki, dövlət üçün məzənnə sabitliyi qorunur.
Mənfi tərəfi isə dolların qlobal zəifləməsi və ya güclənməsi fonunda manatın iqtisadiyyata əlavə təzyiq yaratmasıdır. Xüsusilə qiymət artımları və inflyasiya baxımından bu mexanizmin sosial təsirləri açıq şəkildə hiss olunur. Hazırkı şəraitdə qiymət artımlarının əsas səbəblərindən biri də məhz manatın effektiv məzənnəsinin zəifləməsidir. Bu faktor aradan qalxmadıqca, qiymətlər üzərində təzyiq də davam edəcək”.
Uğur



