Kredit istəyənlərə bəd xəbər: Banklar bunu niyə edir?

İQTİSADİYYAT
16:40 / 31.01.2026
46

2026-cı ilin yanvar ayına olan məlumata görə, Azərbaycanda bank sektorunda kreditləşmədə artım müşahidə olunur. Bu artım xüsusilə istehlak, biznes və ipoteka sahələrini əhatə edir. Ümumilikdə 18 bankın istehlak kredit portfeli, 15 bankın biznes kredit portfeli və 17 bankın ipoteka portfeli böyüyüb. 2 bankın istehlak krediti isə 1 milyard manatı keçib.

Qeyd edək ki, son vaxtlar bankların kredit faizlərində artım müşahidə olunur. Belə ki, ötən il 11-17 faizlə kredit təklif edən banklarda indi faiz dərəcəsi meyarlardan asılı olaraq 18 faizdən başlayaraq təklif edilir.

İqtisadçı Rəşad Həsənov Musavat.com-a açıqlamasında bildirib ki, cari şəraitdə kredit şərtlərinin bahalaşmasını şərtləndirən müxtəlif faktorlar var. Ekspertin sözlərinə görə, ilk səbəb bank sektorunda izafi likvidliyin azaldılması istiqamətində son illərdə requlyator qurum tərəfindən həyata keçirən siyasətdir:

“İzafi likvidliyin azalması banklar arası bazarın inkişafı, vəsaitlərin banklar arasında bölüşdürülməsi, müxtəlif müştəri seqmentlərinə ötürülməsi ilə bağlı mühitin inkişaf etməsi dolayısı ilə müvafiq istiqamətdə bankların faiz siyasətinə artırıcı təsir göstərir çünki izafi likvidliyin bank sektorundakı təzyiqləri qismən də olsa, azalır.

Bundan başqa, son iki ildə tələbin kəskin şəkildə artması bu və ya digər şəkildə banklar üçün daha yüksək faiz siyasəti həyata keçirməsi imkanı formalaşdırır. Eyni zamanda, bank sektorunun kredit portfelinin, müştəri bazasının genişlənməsi hər növbəti müştəriyə münasibətdə risk yaradır. Aydın məsələdir ki, bank prosesə daha təminatlı və daha az riskli müştəridən başlayır. Əgər ekspansiya istiqamətində qərar qəbul edirsə, bu o deməkdir ki, hər növbəti müştəri daha risklidir. Alqoritmlər riskli müştərilər üçün daha yüksək faizlər müəyyən edirlər. Bu da orta faiz dərəcəsini yuxarı çəkən amillərdən biri hesab olunur”.

İqtisadçının fikrincə, digər amil cəlb olunan vəsaitlərin xərclərinin artması ilə bağlıdır:

“2024-2025-ci illərdə depozitlər üzrə əmanətlər ciddi şəkildə artdı. Hətta sistem əhəmiyyətli banklarda belə bu artım gözlə görünəcək səviyyədə, 5-6 faiz yaxud 80-90 faiz ətrafında oldu. Banklar ən yüksək faiz dərəcəsində, 11-12 faizlə sığortalanan əmanətlər cəlb etməyə başladılar. 2023 və ondan əvvəlki dövrdə bu göstərici 5-6 faiz idi. Xərclərin artması kreditlər faizlərinə öz təsirini göstərir, müvafiq olaraq, faiz dərəcələrində öz əksini tapır. Bu konyukturda, paralel olaraq, Mərkəzi Bank tərəfindən sistem əhəmiyyətli banklara münasibətdə sərtləşdirilən prudensial çərçivə ehtiyat normalarının artırılması tələbi və s. də ötən dövr ərzində kredit faizlərinin artmasına təsir göstərdi”.

0