Tramvay Bakıda tıxacların sonu olacaqmı?

İQTİSADİYYAT
14:14 / 31.01.2026
49

“Mehdiabad–28 May (HUB)” tramvay xətti Bakının şimal hissəsində yerləşən qəsəbələrin şəhər mərkəzi ilə birbaşa nəqliyyat əlaqəsini təmin edəcək.

Bu barədə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2024-cü il üzrə icrasına həsr olunan dəyirmi masa zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov məlumat verib. Onun sözlərinə görə, gələcək mərhələdə sözügedən dəhliz üzərində yerləşən M.Rəsulzadə qəsəbəsində dəmiryolu stansiyasının inşası da nəzərdə tutulur.

Paytaxtda yeni tramvay xəttinin yaradılması ümumilikdə müsbət təşəbbüs kimi qiymətləndirilsə də, bu layihə fonunda bir sıra suallar da ortaya çıxır. Belə ki, Bakıda ən ciddi nəqliyyat sıxlığı əsasən şəhərin giriş-çıxış istiqamətlərində – şimal və cənub dəhlizlərində müşahidə olunur.

Cənub istiqamətində Azneft meydanı ilə Dövlət Bayrağı Meydanı arasında cəmi 4 kilometrlik məsafədə günün demək olar ki, bütün saatlarında uzun tıxaclar yaranır. Bu ərazi artıq uzun müddətdir paytaxtın ən problemli nəqliyyat nöqtələrindən biri kimi tanınır.

Şimal istiqamətində isə Sulutəpə–“20 Yanvar” dairəsi arasında yerləşən 6,5 kilometrlik yol sahəsi eyni dərəcədə gərginlik yaradır. Həmin ərazi həm şəhərə hər gün daxil olan minlərlə avtomobilin, həm də ətraf qəsəbələrdən mərkəzə doğru hərəkət edən iri sərnişin axınının əsas toplanma nöqtəsi hesab olunur. Belə olan halda tramvay xətləri niyə məhz ən problemli istiqamətlərə yönəldilmir?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a açıqlamasında bildirib ki, tramvay xətti o istiqamətlərdən, ərazilərdən keçəcək ki, orada metrodan, ictimai nəqliyyatın avtobus seqmentindən, dəmir yolundan istifadə imkanları bir qədər məhduddur:

“Düşünürəm ki, tramvay xəttinin keçdiyi yerlər optimal və əlverişli ərazilərdir. Bu, başlanğıc marşrutlarıdır. Məsələn, Mehdiabadda, Binəqədidən şəhər istiqamətinə gəlmək insanlar üçün o qədər də asan deyil. Buna görə də həmin yerlərdə tramvay xəttinin olması müsbət haldır. Tramvay xəttinin bir istiqaməti Bayıl ərazisindən keçməklə şəhər mərkəzinə, oradan isə Xətai rayonun ərazisinə qədər olacaq”.

Ekspert deyib ki, əsas məsələ tramvayın paytaxta qaytarılmasıdır:

“Qaytarılandan sonra ehtiyac olan yerlərə çəkiləcək. Tramvay rentabelli olmalı, birbaşa əhalinin ən sıx yaşadığı ərazilərdən keçməlidir. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”ı çərçivəsində Sulutəpə, Xırdalan və Şamaxinka kimi ərazilərdə də xeyli iş aparılacaq. Bu ərazilərdə ayrıca dairəvi yollar, tunellər, körpülər, yol ötürücüləri olacaq ki, o istiqamətdə də rahat hərəkət olsun. Əsas məqsədlərdən biri tıxacın azaldılmasıdır. Ona görə də yol ötürücüləri tikiləndən, marşrut rahat hərəkət edəndən sonra o yerlərdə tramvaya da ehtiyac olmayacaq”.

Qeyd edək ki, Mehdiabad–28 May istiqamətindən başqa “Sea-Breeze” – Mehdiabad, Mehdiabad – 8 Noyabr prospekti, Bayıl – “28 May”, Həzi Aslanov – “28 May” istiqamətlərində də tramvay xətti çəkiləcək.

0