İribuynuzlu heyvan idxalı artdı - Ət ucuzlaşacaq?

İQTİSADİYYAT
18:58 / 31.01.2026
54

Xəbər verildiyi kimi, ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycana xarici ölkələrdən 5 min 690 baş safqanlı cins diri iribuynuzlu ev heyvanı (inək) idxal olunub. Ölkəyə gətirilən inəklərin ümumi gömrük dəyəri 24 milyon 544 min dollar təşkil edib.

Qeyd edək ki, ötən ilin ilk 11 ayında Azərbaycana idxal edilən bir baş inəyin orta gömrük dəyəri təxminən 4 314 dollar (7 330 manat) olub.

Bəs bu idxal prosesi ət bazarına təsir göstərə bilərmi?

Mövzu ilə əlaqədar Bizim.Media-ya açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirir ki, iribuynuzlu heyvanların idxalının artması daxili bazarda ət təklifini genişləndirən amil kimi qiymətləndirilə bilər:

“Bu, xüsusən də yerli istehsalın tələbi tam ödəmədiyi dövrlərdə bazarda müəyyən rahatlıq yarada bilər. Lakin idxal olunan heyvanların sayı çox böyük olmadığı üçün qısa müddətdə ət qiymətlərində ciddi ucuzlaşma gözləmək real deyil. Üstəlik, idxal xərcləri, yem qiymətləri, logistika və saxlanma kimi amillər son məhsulun maya dəyərinə təsir edir və bu da qiymətlərin aşağı düşməsini məhdudlaşdırır”.

İdxal olunan ətin həcmi yerli istehsal üçün nələri proqnozlaşdırır?
 
Ekspert qeyd edir ki, idxal yerli istehsalçılar üçün rəqabəti artırır: “Bu, orta və uzun müddətdə istehsalın səmərəliliyinin yüksəlməsinə və bazarın daha balanslı formalaşmasına səbəb ola bilər. Əgər idxal davamlı xarakter alarsa, qiymət artımlarının qarşısını almaq və bazarda kəskin dalğalanmaları azaltmaq baxımından müsbət təsir göstərə bilər.

Nəticə etibarilə, mövcud idxal həcmi ət bazarında kəskin dəyişiklik yaratmayacaq, amma qiymətlərin daha da bahalaşmasının qarşısını alan amillərdən biri kimi çıxış edə bilər”.

0