Bu ilin yanvarın 1-nə Azərbaycanda bankların kredit portfelinin strukturunda biznes kreditlәri 53,6% (16,106 milyard manat) paya malik olub.
Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, bir ay əvvəlki göstərici ilə müqayisədə 301,5 milyon manat və ya 1,9%, ötən ilin eyni dövrünə nisbətən isə 1,3 milyard manat və yaxud 8,9% çoxdur.
Hesabat dövründə biznes kreditlərinin strukturunda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,550 milyard manat təşkil edib ki, bu da bir ay əvvəlki göstəriciyə nisbətən 78,3 milyon manat və ya 2,2%, ötən ilin eyni dövrünə nisbətən isə 252,9 milyon manat və ya 3% artım deməkdir.
Eyni zamanda bu ilin yanvarın 1-nə ölkədə orta sahibkarlıq subyektlərinə 2,289 milyard manat kredit verilib. Bu, bir ay əvvələ nisbətən 9,8 milyon manat və ya 0,4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 455 milyon manat və ya 24,8% çoxdur.
Həmçinin 2026-cı ilin yanvarın 1-nə Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə ayrılmış biznes kreditlərinin həcmi 1,707 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 64,9 milyon manat və ya 3,9%, illik müqayisədə isə 158,3 milyon manat və ya10,2% artım deməkdir.
Bundan başqa, bu ilin yanvarın 1-nə ölkədə mikro sahibkarlıq subyektlərinə 3,560 milyard manat biznes kreditləri verilib. Bu isə əvvəlki ayla müqayisədə 40,3 milyon manat və ya 1,1%, illik müqayisədə isə 452,8 milyon manat və yaxud da 14,6% çoxdur.
Qeyd edək ki, 2026-cı ilin yanvarın 1-nə Azərbaycanda bankların kredit portfeli 1.3% və ya 377,5 milyon manat artaraq 30,063 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,6% (16,106 milyard manat), istehlak kreditlәri 31,1% (9,354 milyard manat) vә ipoteka kreditlәri 15,3% (4,602 milyard manat) təşkil edib.


