Məlum olduğu kimi, koronavirus infeksiyasının (COVİD 19) bütün dünyada sürətlə yayılması ilə əlaqədar olaraq dövlətlərin əksəriyyəti ciddi tədbirlər görmüş, dövlətlər arasında hava və quru sərhədləri bağlanmış və ticarət əlaqələri məhdudlaşdırılmışdır. Bir çox şirkətlər öz fəaliyyətlərini dayandırmış və məsafədən işləmə rejimi tətbiq etmişlər.
Azərbaycanda da xüsusi karantin rejimi tətbiq edilmiş, insanların hərəkəti məhdudlaşdırılmış və əksər müəssisələrin fəaliyyəti müvəqqəti dayandırılmışdır. Eyni zamanda, Azərbaycan qonşu ölkələrlə hava və quru sərhədlərini bağlamışdır.
Xüsusi karantin rejimi çərçivəsində görülən tədbirlər nəticəsində bəzi şirkətlərin öz öhdəliklərini icra etməsi ilə bağlı müəyyən çətinliklər yarana bilər. Buna görə də xüsusi karantin rejiminin fors-major halı sayılıb-sayılmamasını aydınlaşdırmaq zərurəti yaranır.
Azərbaycan qanunvericiliyi
İlk növbədə, “fors-major” anlayışına aydınlıq gətirək. Hərfi tərcüməsi fransız dilindən tərcümədə “fövqəl güc” deməkdir. Azərbaycan qanunvericiliyində “fors-major” institutu ilə bağlı vahid termindən istifadə edilmir.
Misal üçün, Mülki Məcəlləmizdə ümumiyyətlə “fors-major” anlayışından istifadə edilməmişdir. Buna baxmayaraq, eyni mahiyyətdə olan “qarşısıalınmaz qüvvə” anlayışından istifadə olunmuşdur.
Qanunvericiliyimizdə fors-major hallar/qarşısıalınmaz qüvvə ilə əlaqədar olan müddəalara nəzər salaq:
Mülki Məcəllənin 448.4-cü maddəsi – “Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin...” Mülki Məcəllənin 557.1-ci maddəsi – “Dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir...” Gömrük Məcəlləsinin 1.0.9-cu maddəsi - “fors-major hallar – baş verməsi əvvəlcədən ehtimal edilməyən və müvafiq şəraitdə qarşısının alınmasının mümkün olmaması nəticəsində şəxslərin öz öhdəliklərini yerinə yetirməsinə maneçilik törədən, ləngidən fövqəladə hallar, təbii fəlakətlər, yaxud ictimai-siyasi hadisələr”. Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin” Nümunəsi (21.2-ci maddə) – “Qarşısıalınmaz qüvvədən təsirinə Sifarişçi və İcraçı tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, dövlət və hökumət qərarları və bu kimi digər hallar aid edilir.” “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nın 6-cı maddəsində - “Müqavilənin icrasına fors-major hallar təsir göstərərsə, Tərəflər bu Müqavilə üzrə öhdəliklərinin icra edilməməsi üçün məsuliyyət daşımırlar. Fors-major hallara Tərəflər tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, əvvəlcədən nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, epidemiyalar, epizootiyalar, karantinlər, daşqınlar, zəlzələlər, digər təbii fəlakətlər və fövqəladə hallar, embarqolar, həmçinin Müqavilənin şərtlərinə təsir edən qanunvericilikdə edilən əhəmiyyətli dəyişikliklər, dövlət orqanlarının (qurumlarının) qərarları aid edilir.”
Xüsusilə qeyd etmək istəyirik ki, Mülki Məcəllədə “qarşısıalınmaz qüvvə” əsasən müddətin axımını dayandıran, məsuliyyəti istisna edən, müqaviləyə xitam verilməsinə əsas olan hal(lar) kimi öz əksini tapır. Mülki Məcəllənin aşağıdakı maddələrinə nəzər salaq:
Maddə 379.1.1 - iddia müddətinin axımını dayandıran hal kimi; Maddə 588.2 – satıcının keyfiyyət qarantiyası ilə bağlı məsuliyyətini istisna edən hal kimi; Maddə 813 və 831.3 – müvafiq olaraq komisyonçunun və mehmanxana və ya restoran sahibinin məsuliyyətini istisna edən hal kimi; Maddə 847.1 – müqaviləyə daşıyıcı və ya sərnişin tərəfindən xitam verilməsinə əsas verən hal kimi; Maddə 1108.1, 1111.2 və 1131 – zərərin qarşısıalınmaz qüvvənin təsiri nəticəsində əmələ gəldiyi sübuta yetirilərsə, məsuliyyət istisna olunur.
Mülki Məcəllə ilə yanaşı Ticarət Gəmiçiliyi Məcəlləsində, “Ətraf mühitin mühafizəsi haqqında”, “Nəqliyyat haqqında”, “Avtomobil nəqliyyatı haqqında” Qanunlarda və “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda “qarşısıalınmaz qüvvə” anlayışından istifadə edilmişdir.
Əlavə olaraq bildiririk ki, “Poçt haqqında” (m. 17.4.1), “Energetika haqqında” (m. 25), “Elektroenergetika haqqında” (m. 11), “Yerin təki haqqında” (m. 18), “Elektrik və istilik stansiyaları haqqında” (m. 7) və “Patent haqqında” (m. 20) Qanunlarda “fors-major” anlayışına istinad edilmişdir.
Oxşar anlayışlar
Qeyd etdik ki, “qarşısıalınmaz qüvvə” və “fors-major” anlayışları eyni mahiyyətdə olan anlayışlardır. Buna baxmayaraq, Mülki Məcəllədə “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi” anlayışı mövcuddur ki, bu anlayış bəzən “fors-major” anlayışı ilə qarışdırılır. Lakin, bu anlayışlar fərqlidir. Bu məsələ Konstitusiya Məhkəməsinin Plenumunun 07 sentyabr 2018-ci il tarixli Qərarında öz əksini tapmışdır:
“Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir”.
Hasilatın pay bölgüsü haqqında Sazişlər
Neft-qaz sənayesində geniş istifadə edilən hasilatın pay bölgüsü haqqında Sazişlərdə də “fors-major” müddəası mövcuddur. Demək olar ki, fors-major halını tənzimləyən müddəalar bütün sazişlərdə eyni və ya oxşardır.
Misal üçün, “Xəzər Dənizinin Azərbaycan Sektorunda Şəfəq-Asiman Dəniz Blokunun Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Sazişin 21.1-ci maddəsinə əsasən “Hər hansı Tərəfin bu Saziş üzrə, pulların ödənilməsinə dair öhdəlikdən savayı öhdəliklərini (ya da onların hər hansı hissəsini) yerinə yetirməməsi, yaxud yerinə yetirilməsini ləngitməsi fors-major hallarından irəli gəldikdə və ya həmin hallar nəticəsində baş verdikdə, məsuliyyətə səbəb olmur. Fors-major halları o deməkdir ki, hər hansı bir hadisə [n] eft-qaz əməliyyatlarının qarşısını alır, onları ləngidir və ya onlara maneçilik törədir, bütün lazımi tədbirlər görülsə də bu hadisə və ya onun nəticələri, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmadan, fövqəladə hadisələr, təbii fəlakətlər (məsələn, ildırım vurması və zəlzələ), müharibələr (elan edilmiş, yaxud elan edilməmiş) və ya digər hərbi əməliyyatlar, [k]ontrakt sahəsi üzərində yurisdiksiya dəyişiklikləri, yanğınlar, əmək ixtilafları, qiyamlar, üsyanlar, terrorçuluq aktları, kütləvi [iğtişaşlar], vətəndaş iğtişaşları, habelə bu Sazişə görə Podratçının əməliyyatlar aparmasına mane olan və ya əngəl törədən, yaxud Podratçının hüquqlarına ciddi ziyan vuran və ya təhlükə yaradan qanunlar, müqavilələr, qaydalar, sərəncamlar, fərmanlar, əmrlər, hər hansı hökumət orqanının fəaliyyəti, yaxud fəaliyyətsizliyi üzərində nəzarət etmək hadisənin aid olduğu Tərəfin imkanları xaricindədir...”
Beynəlxalq xüsusi hüquq
Beynəlxalq Kommersiya Müqavilələri üçün UNIDROIT Prinsiplərinin 7.1.7-ci maddəsinə əsasən müqavilənin icra edilməməsi o halda üzrlü hesab olunur ki, icraçı icra edilməmənin səbəbinin nəzarət edə bilmədiyi maneə ilə əlaqədar olmasını və müqavilə bağlanarkən maneənin ağlabatan formada nəzərə alınmasının, qarşısının alınmasının və nəticələrinin aradan qaldırılmasının mümkün olmadığını sübut etsin. Maneə müvəqqətidirsə, yalnız bu halda müqavilənin icrasına maneə olan təsir məqbul hesab olunan müddət üçün əsaslı hesab olunacaq.
Həmçinin, Beynəlxalq Kommersiya Palatasının 650 nömrəli nəşrində “fors-major halları”ndan və “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi”ndən ətraflı bəhs olunur. Əlavə məlumat üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:
//iccwbo.org/content/uploads/sites/3/2017/02/ICC-Force-Majeure-Hardship-Clause.pdf
Praktiki problemlər, həlli yolları və tövsiyələr
Göründüyü kimi, Azərbaycan qanunvericiliyində fors-major halı ətraflı tənzimlənməmişdir. Qanunvericiliyin həmin hissədə təkmilləşdirilməsinə, fors-major halı ilə bağlı məhkəmə təcrübəsinin ümumiləşdirilməsinə və Mülki Məcəllənin 448.4-cü və 557.1-ci maddələrinin Konstitusiya Məhkəməsi tərəfindən şərh edilməsinə ehtiyac var.
Şərh edildiyi kimi, qanunvericilikdə “fors-major halı” anlayışının dəqiq müəyyən edilməməsi mübahisələrə yol aça bilər. Tərəflər arasında hansı halların fors-major hal hesab edilib-edilməməsi ilə əlaqədar mübahisə yaranarsa, təbii ki, ilk növbədə müqaviləyə diqqət yetirmək lazımdır. Ümumiyyətlə, bu cür mübahisə yaranmaması üçün tövsiyə edirik ki, fors-major halı müqavilədə ətraflı şəkildə tənzimlənsin. Əgər müqavilədə fors-major halları müfəssəl tənzimlənməyibsə, bu halda yuxarıda istinad olunan müddəalara müraciət etməli olacağıq.
Karantin rejiminin tətbiqi ilə əlaqədar öz öhdəliyinin icrası ilə bağlı çətinliklə qarşılaşan və fors-major halına əsaslanmaq istəyən tərəf aşağıdakıları sübutetmə öhdəliyini daşıyır:
Pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəlməsi; Müqavilə bağlanarkən tərəfin həmin halı nəzərə ala bilməməsi; Tərəfin bu halı aradan qaldıra bilməməsi və nəticələrini istisna edə bilməməsi; Xəbərdarlıq müddətinə riayət etməklə qarşı tərəfi mövcud hal barədə məlumatlandırması (əks halda tərəflərin öhdəliklərin icra olunmamasına və dəymiş zərərə görə məsuliyyəti istisna edilmir).
Başqa cür ifadə etsək, tərəf sübuta yetirməlidir ki, müqavilə üzrə öhdəliyin icra edilməməsinin səbəbi birbaşa olaraq xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədardır. Karantin rejiminin tətbiq edilməsi öz-özlüyündə (avtomatik olaraq) fors-major halının baş verməsini şərtləndirmir. Tərəf öz öhdəliyini icra etmək üçün bütün ağlabatan cəhdlərdən istifadə etməli, risklərin və itkilərin azaldılması üçün mümkün səylər göstərməlidir. Bundan sonra, tərəf fors-major halının baş verdiyinə istinad edə bilər.
Fors-major hallar uzun müddət davam edərsə, (bu müddət müqavilənin xarakterindən asılı olaraq fərqlənə bilər. Beynəlxalq Kommersiya Palatasının yanaşmasına görə bu müddət 120 gün olaraq müəyyən edilmişdir) bu halda, tərəflər xəbərdarlıq müddətinə riayət etməklə, müqaviləyə xitam verə bilərlər.
Əlavə olaraq, bildiririk ki, fors-major halı ilə əlaqədar tərəflər qarşılıqlı razılıq əsasında mübahisələrin alternativ həlli üsullarından (mediasiya, arbitraj) faydalana bilərlər.
Həmçinin, tövsiyə edirik ki, fors-major halına dair mübahisə yaranarsa, ilkin mərhələdə peşəkar hüquqşünas cəlb etsinlər. Çünki, bəzən problemlər o qədər dolaşıq vəziyyətə düşür ki, hüquqşünas cəlb edəndə belə bunun faydası çox az olur.
Həmmüəlliflər barədə məlumat:
Fuad Qəşəmov 2008-ci ildə Qafqaz Universitetinin beynəlxalq hüquq fakültəsini bitirərək bakalavr dərəcəsinə, 2011-ci ildə isə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini bitirərək beynəlxalq hüquq üzrə magistr dərəcəsinə yiyələnmişdir. O, EKVİTA şirkətinin partnyorudur və İnzibati Hüquq, Daşınmaz Əmlak və Əqli Mülkiyyət sahələri ilə bərabər Mübahisələrin Həlli Praktikasına rəhbərlik edir. O, 2014-cü ildən Vəkillər Kollegiyasının üzvüdür.
Cəbrayılova Fəridə, 2015-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirərək bakalavr dərəcəsinə, 2016-cı ildə isə Friedrich Schiller adına Jena Universitetində (Almaniya) hüquq ixtisası üzrə LL.M. magistr dərəcəsinə yiyələnmişdir. O, EKVİTA şirkətinin hüquqşünasıdır.