Məlum olduğu kimi, artıq gömrük bağlamaları yeni qaydada bəyan ediləcək.
Belə ki, Dövlət Gömrük Komitəsi Smart Customs saytı və mobil tətbiqindən istifadə edən vətəndaşlara müraciət edərək bir neçə aydan sonra xaricdən məhsul sifariş edən şəxslər elektron ticarət bəyannamələrini artıq identifikasiya nömrəsi ilə təqdim edə bilməyəcəkləri bildirilib. Yeni qərara əsasən, gömrük bəyannamələrinin təqdim edilməsi yalnız ASAN İmza, SİMA və ya MyGov üzərindən gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq. Yəni telefon nömrəsi və parolla giriş gücləndirilmiş elektron imza sayılmadığı üçün vətəndaşlardan bağlamalarının gömrükdə bəyan edilməsi və təsdiqlənməsi üçün gücləndirilmiş elektron imzadan istifadə etmələri tələb olunacaq.
Maraqlıdır, bu qərar xaricdən onlayn sifarişlərin həcminə təsir edə bilərmi?
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, bu qərar qısa müddətdə xaricdən onlayn sifarişlərin həcminə müəyyən dərəcədə təsir edə bilər:

"Çünki FİN kod və parolla sistemə daxil olmağa öyrəşmiş bəzi istifadəçilər üçün ASAN İmza, SİMA və ya myGov/QR-a keçid əlavə vaxt və texniki uyğunlaşma tələb edəcək. Bu isə xüsusən nadir hallarda xaricdən sifariş verən şəxsləri müvəqqəti olaraq çəkindirə bilər".
Lakin ekspert qeyd edib ki, uzunmüddətli baxımdan bu dəyişiklik prosesin daha təhlükəsiz, şəffaf və vahid sistem üzərindən aparılmasına xidmət edəcək:
"Hesab edirəm ki, istifadəçilər yeni identifikasiya üsullarına uyğunlaşdıqca sifariş həcminin əvvəlki səviyyəsinə qayıtması, hətta artması da mümkündür".
Günel


