"Azərbaycanda otel sənayesinin inkişafı üçün ilk növbədə turizm sektoru inkişaf etməlidir".
Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında mehmanxana biznesinin Azərbaycanda inkişaf etdirilməsinin əhəmiyyəti haqqında danışarkən deyib.
Onun sözlərinə görə, turizm sektorunun inkişafı üçün isə ilk növbədə quru sərhədlər açıq olmalıdır:
"Sərhədlərin bağlı olması avtomatik olaraq “təhlükə var” mesajını ötürür. Bununla yanaşı, ölkəyə giriş-çıxış mexanizmi sadələşdirilməlidir. Məncə, əsas gediş-gəlişin olduğu, əhəmiyyətli ölkələrlə viza rejimi ləğv olunmalıdır. Qarşı tərəf vizanı ləğv etməsə belə, Azərbaycan bunu birtərəfli qaydada tətbiq edə bilər".

Ekspert qeyd edib ki, ölkəyə hava yolu ilə giriş qaydaları da asanlaşdırılmalıdır:
"Turizmin inkişafı üçün ölkəyə daxilolma şərtləri sadə, qiymətlər isə münasib olmalıdır. Həmçinin turistlər üçün əyləncənin bütün növləri üzrə şərait yaradılmalı, onların azadlığı təmin olunmalıdır. Bu kimi qaydalara əməl olunsa turizm sektoru da, mehmanxana biznesi də inkişaf edər".
Günel


