Xarici sərmayə real sektorun inkişafına və biznes imkanlarının genişləndirilməsinə xidmət edir.
Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan artıq sərmayə yatırılıb.
Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi bu fikir ölkənin investisiya mühitinin sabit və etibarlı olduğunu bir daha nümayiş etdirir. Bu, ölkənin iqtisadi inkişaf strategiyasının uğurlu nəticələrindən biri kimi qiymətləndirilir.
Dövlətimizin başçısı həm yerli, həm də xarici sərmayələrin qanunvericiliklə və praktiki müstəvidə qorunduğunu vurğulayaraq, bu siyasətin Azərbaycanın uzunmüddətli inkişafının əsas dayaqlarından biri olduğunu bildirib:
"Xarici sərmayələr qorunub - həm qanunlar tərəfindən, eyni zamanda, gündəlik həyatda da görürük. Həm yerli, həm xarici sərmayələrin qorunması hər bir ölkənin inkişafını müəyyən edib, o cümlədən Azərbaycanın. Deyə bilərəm ki, burada da nadir təcrübəmiz var. 30 ildən çox davam edən bizim neft-qaz layihələrimiz necə imzalanıbsa, bu gün elə də icra edilir. Bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir".
Ölkə başçısı tərəfindən xüsusilə neft-qaz sektorunda 30 ildən artıq müddətdə imzalanmış müqavilələrin dəyişməz şəkildə icra edilməsi ölkənin etibarlı tərəfdaş imicini formalaşdırıb və bu təcrübənin rəqəmsal iqtisadiyyat sahəsində aparıcı qlobal şirkətlərlə əməkdaşlıqda da mühüm rol oynayacağı qeyd olunub.
Milli Məclisin deputatı Vüqar Bayramov Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycan üçün yeni dövrün hədəflərindən biri də daha çox xarici sərmayənin cəlb olunmasıdır:

"Ötən müddət ərzində 350 milyard dollar sərmayənin Azərbaycan iqtisadiyyatına yönəldilməsi iqtisadi inkişafın dayanıqlığını təmin edir. Cənab Prezident İlham Əliyevin ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens ilə imzaladığı Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycana inkişaf etmiş ölkənin daha çox sərmayənin ölkəmizə daxil olmasına səbəb olacaq. ABŞ ilə strateji tərəfdaşlığın qurulması nəticəsində daha innovativ sahələrə sərmayənin cəlb olunmasına şərait yaranacaq".
Millət vəkili vurğulayıb ki, növbəti dövr ərzində ölkə iqtisadiyyatının daha çox xarici sərmayə cəlb etmək üçün əlverişli olacağının gözlənilir:
"Xarici sərmayə real sektorun inkişafına və biznes imkanlarının genişləndirilməsinə xidmət edir. Daha innovativ və texnoloji sərmayələrin cəlb olunması prioritetdir. Yaxın müddət ərzində strateji tərəfdaşlıq qurduğumuz aparıcı ölkələrdən yeni dövrün hədəflərinə uyğun olaraq daha çox sərmayənin cəlb olunmasına şahidlik edəcəyik".
Günel


