Kəçən il ölkəmizə 1,31 milyon ABŞ dolları dəyərində 324,71 ton quzu əti idxal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, 2024-cü ilin göstəricisindən 3 dəfə çoxdur. Diqqətçəkən statistikalardan biri də Yaponiya ilə bağlı olub. Belə ki, Azərbaycan ötən il Yaponiyadan 0,01 ton ət alıb. Hansı ki, son 14 ildə ilk dəfə olaraq Yaponiyadan da ət idxalı həyata keçirilib.
Maraqlıdır, Yaponiyadan ölkəmizə ət idxalı daxildə ət bazarına necə təsir edəcək?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycana Yaponiyadan dondurulmuş ət idxalının həyata keçirilməsi maraqlı və yeni tendensiya kimi qiymətləndirilə bilər:

"Rəsmi statistikaya görə, 2011-ci ildən bəri ilk dəfə bu ölkədən ət tədarükünün reallaşması idxal coğrafiyasının genişlənməsi baxımından əhəmiyyətlidir. Lakin bunun bazarda ətin ümumi qiymətinə təsiri bir neçə amildən asılıdır. Əgər idxal olunan məhsulun həcmi ümumi ət bazarı ilə müqayisədə kiçikdirsə, bu zaman qiymətlərə ciddi təsir gözlənilmir.
Azərbaycan ət tələbatının yarısını yerli istehsal hesabına ödəyir, idxal isə bazarda müəyyən paya malikdir və əsasən qiymət sabitləşdirici rol oynayır. Yaponiyadan gətirilən ətin həcmi məhdud olduqda bu, daha çox alternativ məhsul kimi bazarda yer tutacaq və ümumi qiymət səviyyəsini dəyişməyəcək".
Ekspert qeyd edib ki, idxalın davamlı xarakter alması və rəqabəti artırması dondurulmuş ət seqmentində qiymət artımının qarşısını qismən ala bilər:
"Rəqabətin genişlənməsi təchizatçılar üçün əlavə seçim imkanı yarada və bazarda süni qiymət artımının qarşısını almağa kömək edə bilər. Lakin Yaponiya coğrafi baxımdan uzaq ölkə olduğu üçün logistika xərcləri yüksəkdir və bu da məhsulun maya dəyərinə təsir göstərir. Buna görə də həmin ətin yerli bazarda daha ucuz qiymətə təklif olunması ehtimalı yüksək deyil.
Qiymətə təsir həm də idxal olunan ətin növündən, keyfiyyətindən və hansı bazar seqmentinə yönəldilməsindən asılıdır. Əgər bu məhsul premium və ya xüsusi kateqoriyaya aid edilərsə, o zaman kütləvi bazar qiymətlərinə təsir minimum olacaq. Əksinə, geniş istehlak seqmentinə yönəlmiş və rəqabətqabiliyyətli qiymətlərlə təklif olunarsa, müəyyən sabitləşdirici rol oynaya bilər".
Mütəxəssis fikirlərini belə yekunlaşdırıb:
"Təkcə bir ölkədən, xüsusilə də uzaq məsafəli bazardan ət idxalının başlanması bazarda ciddi və kəskin qiymət dəyişikliyi yaratmır. Qiymətlərə əsas təsir göstərən amillər daxili istehsalın həcmi, yem və logistika xərcləri, mövsümi amillər və ümumi inflyasiya səviyyəsidir. Yaponiya istiqamətinin açılması isə daha çox ticarət əlaqələrinin şaxələndirilməsi və təchizat risklərinin azaldılması baxımından əhəmiyyət daşıyır".
Günel


